...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: "Berlində dondurulmuş münaqişələrə dair dinləmələr noyabrda keçiriləcək"

Siyasət Materials 16 May 2007 14:01 (UTC +04:00)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: "Berlində dondurulmuş münaqişələrə dair dinləmələr noyabrda keçiriləcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Avropa Şurasının Monitorinq Komitəsi bütün dünyada mövcud olan dondurulmuş münaqişələrin müzakirəsinə həsr olunan dinləmələrin bu ilin noyabrında Berlin şəhərində keçirilməsinə dair ilkin qərar qəbul edib. Bu barədə AŞPA Monitorinq Komitəsinin Makedoniyanın Skopye şəhərində keçirilən iclasında iştirak edən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

Onun sözlərinə görə, Monitorinq Komitəsinin ilkin qərarı AŞPA-nın iyunda keçiriləcək yay sessiyasında təsdiq ediləcək. Noyabrda Berlində keçiriləcək geniş toplantıda Dağlıq Qarabağ münaqişəsi barədə də dinləmələr olacaq. Seyidov qeyd edib ki, Avropanın mötəbər strukturlarında Azərbaycanın ən əsas probleminin növbəti dəfə qaldırılması, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

"Azərbaycan öz ərazisi olan Dağlıq Qarabağla, bu torpaqların Ermənistan tərəfindən işğal edilməsilə bağlı məlumatları növbəti dəfə dünya ictimaiyyətinə çatdırmaq üçün tribuna əldə edəcək. Bütün Avropanın nüfuzlu siyasətçilərinin qatıldığı belə tədbirlərdə münaqişələr barədə aparılan müzakirələr həmişə rezonansa səbəb olur. Həmçinin orada dondurulmuş münaqişələr haqqında obyektiv məlumatların açıqlanması bu problemlərin həllinə öz tövhəsini verir" - deyə Seyidov vurğulayıb.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti