...

Yeni Azərbaycan Partiyası sədrinin müavini: "Müxalifət nüfuzunu tamamilə itirdiyindən keçirdiyi mitinqlərə insanlar gəlmir"

Siyasət Materials 18 May 2007 17:30 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası sədrinin müavini: "Müxalifət nüfuzunu tamamilə itirdiyindən keçirdiyi mitinqlərə insanlar gəlmir"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov cümə günü bəyan edib ki, Azərbaycan müxalifəti nüfuzunu tamamilə itirdiyindən keçirdiyi mitinqlərə də insanları yığa bilmir. Onun sözlərinə görə, Azərbaycan müxalifətinin ən böyük səhvi hakimiyyətin taleyinin küçələrdə həll olunması iddiasında olmasıdır.

"Siyasi mübarizənin yeganə forması mitinq deyil. Ümumiyyətlə, demokratik cəmiyyətlərdə siyasi proseslərin cərəyan etdiyi meydan küçə hesab olunmur. Siyasət insanların düşüncəsinə təsir etməlidir" - deyə Əhmədov bildirib.

Hakimiyyətdə olan partiyanın təmsilçisi hesab edir ki, yalan, böhtan, şər və insanlara qarşı mənəvi terroru həyata keçirməyi özünün fəaliyyət istiqaməti seçən partiyalar insanlar tərəfindən dəstəklənə bilməz.

"Bunlar əvvəllər tamam başqa arqumentlər səsləndirirdilər. Deyirdilər ki, müxalifətin tərəfdarlarının əksəriyyəti şəhər mərkəzindən kənarda yaşayırlar. Ona görə də şəhərin mərkəzində keçirilən mitinqlərdə iştirak etmək üçün nəqliyyat xərclərinə pulları yoxdur. İndi onların tələbi ilə şəhərin kənarında olan ərazilərdə mitinqlərin keçirilməsinə icazə verilir. Bəs hanı onların tərəfdarları? Bəlkə onların elektoratı kosmosda yaşayır? Mitinqlərə qoşula bilmirlər. Onda mitinqlərini gedib kosmosda keçirsinlər. Əslində reallıq ondan ibarətdir ki, müxalifətin ümumiyyətlə tərəfdarları yoxdur" - deyə Əhmədov söyləyib.

YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti