Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının bazar ertəsi keçirilən iclasında Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Kredit Sazişinin təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.
Bildirilib ki, 2007-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış sazişdə İpək yolunun tərkibində olan Yevlax-Gəncə yolunun təmirinin bir hissəsinin maliyyələşdirilməsi nəzərdə tutulub. Səudiyyə İnkişaf Fondu bu hissənin maliyyələşdirilməsi üçün 13 milyon dollar kredit verəcək. Kredit 20 illiyə, ilk 5 ili güzəştli olmaqla, 2 faizlə verilir.