...

Milli Məclisdə Azərbaycan mətbuatının durumu müzakirə olunub

Siyasət Materials 22 May 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin cərşənbə axşamı keçirilən iclasında Azərbaycanda jurnalistlərin həbs olunması və mətbuatın durumu müzakirə olunub. Müxalifəti təmsil edən Böyük Quruluş partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu bildirib ki, Azərbaycanda son zamanlar jurnalistlərin həbs olunması ənənə halını alıb. O vurğulayıb ki, belə bir vəziyyətin yaranması ölkənin imici üçün təhlükəlidir. Qəzənfəroğlunun fikrincə, jurnalistlərin həbs olunması Azərbaycanı beynəlxalq təşkilatların qarşısında arqumentsiz qoya bilər. O bildirib ki, beynəlxalq təşkilatlar Ermənistanda keçirilən parlament seçkilərinə müsbət rəy veriblər. Belə bir vəziyyətdə Azərbaycanlı jurnalistlərin həbs olunması ölkənin imicinə zərbə vurur.

Müxalifəti təmsil edən Pənah Hüseyn, İqbal Ağazadə, Cəmil Həsənli və Arzu Səmədbəyli də jurnalistlərin həbs olunması məsələsini qaldırıblar.

Pənah Hüseyn hesab edir ki, heç bir ölkədə jurnalistləri öz yazılarına görə həbs etmirlər. O, yaranmış vəziyyətin aradan qaldırılması üçün prezident İlham Əliyevə müraciət edib. Deputat Ağazadə isə beynəlxalq təşkilatların təklif etdiyi "Diffamasiya haqqında" qanunun qəbul edilməsini və böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan maddənin qanunvericilikdən çıxarılmasının vacibliyini bildirib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, millət vəkili Aydın Mirzəzadə və Milli Məclisin birinci müavini Ziyafət Əsgərov isə Azərbaycanda söz və mətbuat azadlığı sahəsində heç bir problemin olmadığını, hakimiyyəti tənqid edən jurnalistlərin deyil, insanları tənqid edən, ayrı-ayrı məmurların şərəf və ləyəqətinə toxunan yazılar yazan jurnalistlərin intizam məsuliyyətinə cəlb edildiyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti