...

Daimi nümayəndə: "Sankt-Peterburqda "Qafqaz dörtlüyü"nün görüşəcəyi məlum deyil"

Siyasət Materials 26 May 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) iyunun birində Sankt-Peterburqda keçiriləcək sessiyası çərçivəsində Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan parlamentlərinin sədrləri arasında görüşün olub-olmayacağı məlum deyil. Bu barədə şənbə günü telefonla Azərbaycanın MDB PA-dakı daimi nümayəndəsi, qurumun baş katibinin müavini Aydın Cəfərov məlumat verib.

Cəfərov qeyd edib ki, MDB PA-nın sessiyasında Ermənistan nümayəndə heyətinin iştirak edib-etməyəcəyi məlum deyil. Bu isə Ermənistanda parlament seçkilərinin yenicə keçirilməsi ilə əlaqədardır: "Çox guman ki, Ermənistan nümayəndə heyəti sessiyada iştirak etməsə, "Qafqaz dörtlüyü"nün görüşü baş tutmayacaq".

Daimi nümayəndə onu da qeyd edib ki, Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan parlamentlərinin sədrləri arasında görüşün olub-olmayacağı qarşıdakı bir-iki günə dəqiqləşəcək.

Onun sözlərinə görə, MDB PA-nın sessiyası qurumun yaradılmasının 15 illiyinə təsadüf edir. Ona görə də bu sessiya bir qədər təmtəraqlı keçiriləcək. Sessiyada bir çox ölkələrdən yüksək səviyyəli parlament nümayəndə heyəti və beynəlxalq təşkilatlardan qonaqlar iştirak edəcəklər.

Cəfərov onu da deyib ki, iclasda hansı məsələlərin müzakirə olunacağı dəqiqləşdirilir.

MDB PA-da keçmiş SSRİ ölkələrindən Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan təmsil olunur.

Xəbər lenti

Xəbər lenti