...

"Azadlıq" blokunun həmsədri: "Azərbaycan Demokrat Partiyası müxalifət mövqeyində qalır"

Siyasət Materials 29 May 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) əvvəlki kimi müxalifət mövqeyində qalır, sadəcə mübarzə metodları dəyişir. Bu barədə "Azadlıq" blokunun həmtəsisçisi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev açıqlama verib.

Bazar günü ADP-nin qurultayında iştirak edən Əliyev bu partiyanın yeni siyasi kursunu şərh edərkən bildirib ki, keçmiş müttəfiqlərinin hər bir qərarı onların daxili işidir: "ADP-nin qurultayında mənim müşahidələrim bundan ibarət oldu ki, bu partiya müxalifət təşkilatı kimi qalır və kursu dəyişmir. Sadəcə, onun hakimiyyətlə mübarizə formalarında dəyişiklik edilir. ADP iqtidarla qarşılıqlı anlaşma yolu ilə mübarizə metodikasına üstünlük verir. Bizim mövqeyimizə görə isə bugünkü güc nisbəti, mövcud reallıqlar onu göstərir ki, belə mübarizə üsulu məqbul deyil" - deyə Əliyev qeyd edib.

Onun sözlərinə görə, "Azadlıq" bloku ilə ADP-nin ayrı-ayrı məsələlər üzrə mövqeləri üst-üstə düşərsə, gələcək əməkdaşlıq mümkündür.

Xatırladaq ki, ADP bu ilin fevralınadək "Azadlıq" blokunda təmsil olunub, lakin partiyanın yeni siyasi kurs qəbul etməsi ilə əlaqədar blokda fəaliyyəti dayandırılıb.

Hazırda "Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti