...

GUAM ölkələrinin müxalifətyönlü qurumlarının Koordinasiya Şurası Qarabağ münaqişəsinə dair Konsepsiya hazırlayacaq

Siyasət Materials 11 İyun 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova birliyinə (GUAM) daxil olan ölkələrin müxalifətyönlü partiya və hərəkatlarının Koordinasiya Şurası Qarabağ probleminin həllinə dair təkliflər Konsepsiyası hazırlayacaq. Bu barədə Koordinasiya Şurasında təmsil olunan "Azərbaycan yolu" Siyasi Hərəkatından məlumat verilib.

Koordinasiya Şurası ötən il dekabrın 7-də Ukraynada yaradılıb və GUAM-a üzv ölkələrin müxalifətyönlü siyasi təşkilatlarını birləşdirir. Koordinasiya Şurasının sədrliyi və mərkəzi qərargahı növbəlilik prinsipi ilə müəyyən olunur. Hazırda quruma "Azərbaycan yolu" Siyasi Hərəkatı sədrlik edir və mərkəzi ofisi Bakıda yerləşir.

Koordinasiya Şurasının növbəti toplantısı iyunun 21-24-də Bakıda olacaq. Əsas iclas iyunun 22-də keçiriləcək. Toplantıda GUAM ölkələrinin siyasi partiyaları arasında əməkdaşlığın dərinləşdirilməsi, onların birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, partiyalararası əməkdaşlığın GUAM ölkələrinin əməkdaşlığına müsbət təsiri məsələləri müzakirə olunacaq, həmçinin yeni üzvlük məsələsinə baxılacaq. İclasda GUAM daxilində dondurulmuş münaqişələrlə bağlı fikir mübadiləsi də aparılacaq.

Ermənistanla Azərbaycan arasında dondurulmuş Dağlıq Qarabağ münaqişəsinə dair qurumun öz mövqeyini və təkliflərini əks etdirən sənəd hazırlanacaq. Təkliflər Konsepsiyası Azərbaycan rəhbərliyinə, həmçinin GUAM-a üzv dövlətlərin rəhbərlərinə ünvanlanacaq.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti