...

NATO baş katibinin müavini Azərbaycana səfər edəcək

Siyasət Materials 22 İyun 2007 17:08 (UTC +04:00)
NATO baş katibinin müavini Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ NATO baş katibinin ümumi diplomatiya üzrə müavini Jan Furne iyulda Azərbaycana səfər edəcək. Səfərin məqsədi iyulun 9-14-də Bakıda keçiriləcək illik NATO həftəsində iştirak etməkdir. Bu barədə cümə günü Brüsseldən telefonla Azərbaycanın NATO-dakı missiyasının press-attaşesi Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, hazırda Furnenin Azərbaycana səfər proqramı dəqiqləşdirilir. NATO rəsmisinin tədbirlərdə iştirakla yanaşı Azərbaycan rəhbərliyindən rəsmi şəxslərlə görüşəcəyi gözlənilir.

Bakıda hər il təşkil olunan NATO həftəsi çərçivəsində NISA yay sessiyası (NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbi), Avro-Atlantik Tərəfdaşlıq Şurasının kollokviumu, dövlət müəssisələrinin mətbuat katibləri və jurnalistlər üçün seminar, Gəncədə Avroatlantik informasiya mərkəzinin açılışı və s. kimi tədbirlər baş tutacaq.

Tədbir "Enerji təhlükəsizliyi və Avroatlantik regionda böhranlı infrastrukturun mühafizəsi" devizi altında keçiriləcək. Yay sessiyasının iştirakçıları "Üç dəniz regionu (Xəzər, Aralıq, Qara dəniz) və enerji təhlükəsizliyində onun rolu", "Karbohidrogen ehtiyatlarının rolu: perspektivlər və alternativlər", "Enerji təhlükəsizliyində NATO-nun rolu", "Terrorizm təhlükəsizliyi", "Enerji təhlükəsizliyinin iqtisadi baxışları", Azərbaycanın enerji təhlükəsizliyi strategiyası" və digər mövzuları müzakirə edəcəklər.

Azərbaycanda NATO həftəsi NATO-nun maddi və ekspert yardımı ilə Xarici Işlər Nazirliyi tərəfindən təşkil edilir. Bu il NATO-nun Azərbaycanda beynəlxalq məktəbi qeyri hökumət təşkilatının 5 illiyi qeyd olunur. O, 2003-cü ildə yaradılsa da, 2007-ci ilin mart ayında qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti