Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) hüquq müdafiə təşkilatlarını partiyanın Balakən rayon təşkilatının sədri, bu günlərdə həbs olunan Nizami Quliyevin siyasi məhbus kimi tanınması ilə bağlı addımlar atmağa çağırıb. Bu barədə ADP-nin İdarə Heyətinin bazar ertəsi keçirilən iclasında qərara gəlinib.
Qeyd edək ki, ADP Balakən rayon təşkilatının sədri Nizami Quliyev evində elektrik enerjisinin kəsilməsi səbəbindən yerli polislə mübahisə zəminində odlu silahdan ona atəş açıb, sonra qaçıb gizlənib. Bir neçə gündən sonra Quliyev polisə təslim olub.
"ADP-nin İdarə Heyəti bu hadisəni sosial problemlər məngənəsində çırpınan və siyasi mənsubiyyətinə görə hər cür diskriminasiyaya məruz qalan cəmiyyət üzvlərinin faciəsi kimi dəyərləndirir. ADP istintaq və məhkəmə orqanlarından Nizami Quliyevin şok vəziyyətində atdığı addımın hansı zərurətdən doğduğunu obyektiv araşdırmağa və onun barəsində ədalətli qərar çıxarmağa çağırır"-deyə partiyanın bəyanında deyilir.
ADP həmçinin hüquq müdafiə təşkilatlarını Nizami Quliyevin hüquqlarının qorunması istiqamətində səy göstərməyə və onun siyasi məhbus kimi tanınması ilə bağlı müvafiq addımlar atmağa çağırıb.