Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu gələn il keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək. Bu barədə Fazil Qəzənfəroğlu özü açıqlama verib.
O bildirib ki, BQP seçkidə digər siyasi partiyalardan fərqlənəcək və özünün
orijinal seçki kampaniyasını aparacaq. Qəzənfəroğlu həmçinin hər hansı siyasi və seçki blokuna qoşulmağı məqsədəuyğun saymır: "Bizim seçki kampaniyamız başqa partiyaların taktikası ilə üst-üstə düşməyə bilər. Ona görə də heç bir bloka qoşulmuruq. Hesab edirik ki, seçkiyə müstəqil şəkildə getməklə daha çox səs qazana bilərik" - deyə Qəfənfəroğlu bildirib.
Onun sözlərinə görə, BQP-nin seçki taktikası başqalarından fərqlənəcək,bu partiya cəmiyyətə daha inandırıcı, daha real proqramlar təqdim edəcək. Partiya təkcə müxalif elektoratın deyil, hakimiyyətin tərəfdarı olan insanların da səsini qazanmaq üçün yeni taktika üzərində işləyir. Bunun üçün xüsusi proqram da hazırlanıb.
BQP sədri qeyd edib ki, müxalifət düşərgəsinin namizədlərini özünə rəqib hesab etməyəcək: "BQP-nin öz namizədinin prezident seçkisində iştirak etməsinə dair partiyanın qurultayı və Məclisinin qərarı var. Ona görə də çox güman ki, seçkidə iştirak edəcəyəm. Amma mən müxalifət liderlərini özümə alternativ hesab etmirəm və daha çox hakimiyyətlə sivil mübarizə aparmağı düşünürəm" - deyə Qəzənfəroğlu qeyd edib.
Müxalifətyönlü Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. Partiyanın sədri Fazil Qəzənfəroğlu Milli Məclisin deputatıdır.