...

Səfir: Enerji resursları nəqlinin diversifikasiyası mövzusu təkcə Avropa üçün yox, Azərbaycanın özü üçün də aktualdır

Siyasət Materials 23 İyul 2007 16:29 (UTC +04:00)
Səfir: Enerji resursları nəqlinin diversifikasiyası mövzusu təkcə Avropa üçün yox, Azərbaycanın özü üçün də aktualdır

Azərbaycan, Bakı /müx. Trend A.Əliyev/ Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanasın Trend ə eksklüziv müsahibəsi:

- Litva ilə Azərbaycan yaxın iqtisadi tərəfdaşlar ola bilərmi və Siz iki ölkə arasındakı iqtisadi əlaqələri necə stimullaşdırmağı düşünürsüz?

- Bu gün Azərbaycanla Litva arasında mal dövriyyəsinin həcmi təxminən 10 mln. dollara bərabərdir. Şübhəsiz ki, bu rəqəm mövcud potensial nəzərə alınmaq şərti ilə o qədər də real deyil. Üstəlik o da nəzərə alınmalıdır ki, Litva öz qonşuları ilə bir neçə milyard dollarlıq mal dövriyyəsinə malikdir.

Lakin əgər statistika yox, dinamika üzrə analiz aparsaq, üç il əvvəl iqtisadi-ticari sahədə olan vəziyyətə nisbəğən mal dövriyyəsi hətta artıb. Özü də Litva malları Azərbaycan bazarına üçüncü ölkələr, məsələn Polşa, Rusiya vasitəsi ilə gəlib çıxırlar. Eyni sözü Azərbaycan malları barədə də söyləmək olar.

Malların daşınması bir sıra çətinliklərlə bağlıdır. Mallar dəmir yolu, dəniz və avtomobil nəqliyyatı ilə daşınır. Yəni mən onu demək istəyirəm ki, ölkələrimiz arasında əlverişli tranzit dəhlizi yoxdur. Halbuki bu mənada Qafqaz-Asiya nəqliyyat dəhlizi TRACECA-ya böyük ümidlər bəslənilir. Bu, Qafqaz və Orta Asiya bazarlarının Baltiya və Qərbi Avropa bazarlarına çıxış yoludur. 2006-ci ilin sonunda Çində maraq doğuran Poti (Gürcüstan) - Bakı (Azərbaycan) - Aktau (Qazaxıstan) - Almatı (Qazaxıstan) qatarı istifadəyə verilib. İlin sonuna kimi isə Qars-Axalkalaki-Tbilisi-Bakı marşrutu üzrə yeni qatarın istismara verilməsi planlaşdırılır. Bu, Avropa ilə birləşdirəcək halqa olacaq. Həmin nəqliyyat dəhlizi ilə ildə 20 mln. tonadək yükün daşınması planlaşdırılır.

Beləliklə, Litva-Azərbaycan əməkdaşlığının iqtisadi əsasını təhlil etsək, demək olar ki, ölkələrimiz arasında iqtisadi sahədəki potensil kifayət qədər yüksəkdir. Burada Litva səfirliyinin açılması Azərbaycana marağı daha da artırıb. Siyasi sahədə də əlaqələrimiz heç də az aktiv deyil. Xatırladım ki, prezidentimiz V.Adamkus artıq Azərbaycana səfər edib. Düşündüyümüz kimi sentyabrda (dəqiq tarix hələ müəyyənləşdirilir) Azərbaycan prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri baş tuta bilər. Biz həmçinin prezidentinizin oktyabrda Vilnüsdə enerji sammitində iştirakını gözləyirik.

-Vilnüs sammitinin iştirakçılarının tərkibi və müzakirə olunacaq məsələlər artıq bəllidir?

- Vilnüs sammiti mayda Krakovda keçirilən sammitdən daha geniş olacaq. İştirakçı dövlətlər ən yüksək səviyyədə təmsil olunacaqlar. Bir tərəfdən təbii ehtiyatların istehlakçıları, digər tərəfdən ixracatçılar. Ümid edirik ki, Vilnüs sammiti çox faydalı olacaq. Bu, təkcə Vilnüsun yox, bütöv Avropanın işidir.

- Sammitdə əsas məsələ Odessa-Brodı layihəsi olacaq?

- Əgər Azərbaycan nefti Odessa-Brodı kəməri ilə nəql olunsa, bu, onun həm Polşa, həm Litva və sonradan Avropaya nəqli deməkdir. Lakin bu, sammitdəki məsələlərin biridir. Bundan əlavə enerji təhlükəsizliyi, AB-nin enerji məsələləri üzrə xarici siyasəti və digər məsələlərin müzakirəsi var. Enerji resursları mənbələrinin diversifikasiyası mövzusu olduqca aktualdır və mən düşünürəm ki, təkcə Avropa üçün yox, Azərbaycanın özü üçün də aktualdır. Azərbaycan zəngin enerji resursları mənbəyinə çevrilib və perspektivdə həm türkmən qazı, həm də qazax nefti üçün tranzit ölkəyə çevrilə bilər. Avropa bu böyük işlərin başlanmasında çox maraqlıdır, onların reallaşdırılmasına kömək göstərə bilər və göstərir.

- Azərbaycan iqtisadiyyatının hansı sahələrində Litva biznesi özünü göstərə bilərdi? Litva və Azərbaycan iş adamlarının daha sıx əməkdaşlığı üçün şərait yarıdılıbmı?

- Litva və Azərbaycan biznesmenləri arasında əlaqələrin qurulmasında problemlər ola bilməz, çünki dil baryeri yoxdur və sovet dönəmlərindən əlaqələr mövcuddur. Litvalı biznesmenlər öz bacarıqlarını proqram təminatı, elektronika, korporasiyaların idarəedilməsi sistemi kimi sahələrində nümayiş etdirə bilərdilər.

Litva təkcə öz mallarının ixracını yox, həmçinin xidmətlərin ixracını təklif edə bilər. Məsələn, biz sizin ticarət sisteminin operatoru (Litvada ticarət şəbəkəsi çox inkişaf edib) ola bilərdik, yaxud da mehmanxana biznesində operator rolunda çıxış edə bilərdik. İxraca gəldikdə isə, Litvadan Azərbaycana əsasən yeyinti məhsulları (süd məmulatları) gəlir. Hazırda sizin bazarınıza litvalı konditerlər gəlmək istəyir.

Zənnimcə, bura tikinti materiallarının ixracı imkanları da var. Çünki Azərbaycanda tikinti böyük templərlə gedir. Onu da deyə bilərəm ki, Litvada bank sektoru olduqca inkişaf edib. Demək olar ki, bazarımız bank xidmətləri ilə dolub. Ona görə də Litva bankları Azərbaycan bazarında çalışmaqda və öz xidmətlərini təklif etməkdə maraqlıdırlar. Litva sizin ənənəvi sahələrinizə diqqət yetirir və Azərbaycanın neft-kimya məhsullarının, texniki yağlarının ixracında maraqlıdır. Biznes dairələrinin əməkdaşlığı baxımından rəsmi şəxslərin səfərlərinə böyük ümidlər bəsləyirəm.

Gələcəkdə rəsmi şəxslərimizin Azərbaycana, yaxud da sizin rəsmi nümayəndələrinizin Litvaya səfəri çərçivəsində nümayəndə heyətlərinə öz bizneslərinin Litva və Azərbaycanda inkişafında maraqlı olan işgüzar dairələrin təmsilçilərini daxil etmək olardı.

- Sizcə, Litva ilə Azərbaycan arasında hökumətlərarası komissiyanın yaradılmasına ehtiyac varmı?

- Bu barədə bizdə söhbət gedir. Bizdə bir çox ölkələrlə əməkdaşlıq üzrə hökumətlərarası komissiyalar yaradılıb, məsələn, Rusiya Federasiyası ilə. Azərbaycan da oxşar təcrübəyə malikdir. Zənnimcə, Litva səfirliyinin Azərbaycanda, habelə bu yaxınlarda Azərbaycan səfirliyinin ölkəmizdə açılması istənilən səviyyələrdə ikitərəfli əlaqələrimizin inkişafını stimullaşdıracaq və gələcəkdə ehtiyac yaransa, komissiyanın yaradılması məsələsini də nəzərdən keçirmək mümkün olacaq. Lakin digər tərəfdən, ölkələrimiz arasında anlaşılmazlıqlar və mübahisəli məsələlər yoxdur. İkitərəfli komissiyalar isə məhz bu cür məsələlərin həlli üçün yaradılır. Özü də bizdə idarələrarası əlaqələr çox yaxşı inkişaf edib. Bir sıra anlaşmalar bağlanılıb və onlar tam mənada icra olunur.

- Litva tərəfi GUAM forumlarda iştirak edərkən yalzın iqtisadi əməkdaşlığa diqqət yetirir?

- Birincisi, GUAM özünü Avropa ilə Asiya arasında körpü rolunda görür. Biz isə artıq Avropa tərəfindən, xüsusən də Litva tərəfindən GUAM-a Avropa Birliyinin enerji siyasətinin, AB-nin enerji təhlükəsizliyinin instrumenti kimi baxırıq. Biz GUAM layiəhələri çərçivəsində müzakirə olunanlara böyük maraq göstəririk, xüsusən də Avropanın enerji təhlükəsizliyinin enerji resursları mənbələrinin diversifikasiyası yolu ilə təminatına dair layihələrə. Azərbaycan öz unikal neft ehtiyatları ilə belə mənbələrdən birinə çevrilmək üçün bütün imkanlara malikdir. Enerji resursları mənbələrinin diversifikasiyası o deməkdir ki, nə qədər çox ixracatçı var, o qədər də bir ixracatçıdan asılılıq azalır. Bizcə, artıq Rusiya və yaxud digər ixracatçılarla, məsələn, Yaxın Şərqdən olanlarla anlaşmaq daha asan olacaq.

- Bəs Litva GUAM çərçivəsində sülhməramlı kontingetin yaradılması məsələsinə necə baxır?

- Bu, GUAM ölkələrinin işidir. Bu məsələni şərh etməkdə çətinlik çəkirəm, çünki Litva burada iştirak etmir. Əgər söhbət regiondakı təhlükəsizliyin gücləndirilməsindən gedirsə, niyə də olmasın?

- Siz bu ideyaya münasibəti nəzərdə tutursunuz, bəs iştirak barədə nə düşünürsüz?

- Biz bu məsələdə iştirak edə bilmərik. Ən azı ona görə ki, bizi bu məsələlərin müzakirəsinə dəvət etməyiblər. Bəlkə də ideyanın özü doğrudur. Mənim bu haqda danışmağa səlahiyyətim yoxdur. Çünki ideyanın hansı səviyyədə irəli sürüldüyündən xəbərsizəm. Bu barədə yalnız mətbuatdan bilgim var.

- GUAM ölkələri dondurulmuş münaqişələrlə bağlı məsələnin BMT-də müzakirəsinə nail ola bildilər və onlar bu işi davam etdirmək niyyətindədirlər. Litva tərəfinin məsələ ilə bağlı mövqeyi necədir?

- Litva bütün Avropanın sabitliyində maraqlı olduğu kimi, Cənubi Qafqaz və Dnestryanı bölgədəki sabitlikdə də maraqlıdır. Biz Azərbaycanın sabitliyində və çiçəklənməsində maraqlıyıq. Bundan bizim ikitərəfli əlaqələrimiz də asılıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və dondurulmuş münaqişələrin sülh yolu ilə həllini arzulayırıq. Onu da qeyd etmək istəyirik ki, Litva dəfələrlə Azərbaycanı müxtəlif beynəlxalq forumlar çərçivəsində dəstəkləyib. Məsələn, litvalıların səyləri nəticəsində Qobustandakı qaya rəsmləri YUNESKO mədəni irsinin siyahısına daxil edilib.

- Bəs Litva GUAM dövlətlərini gələcəkdə münaqişələrin BMT-dəki müzakirəsi zamanı dəstəkləməyə hazırdırmı?

- Mənə elə gəlir ki, əgər Litva tərəfi əvvəllər də bu məsələdə GUAM-ın mövqeyini dəstəkləyibsə, deməli, gələkdə də belə edəcək.

- Litva perspektivdə GUAM-dakı üzvlük məsələsini nəzərdən keçirə bilərmi?

- Birincisi, GUAM-dan Litvaya belə təkliflər daxil olmayıb. İkincisi, biz artıq Avropa Birliyinə daxil olmuşuq və xarici siyasətlə iqtisadiyyat məsələlərində bir çox aspektlərdə AB-nin standartlarını rəhbər tutmalıyıq. Bu, həm vahid gömrük məkanı, vahid tarif və hüquq sistemidir.

- Litva bir çox beynəlxalq qurumların üzvüdür. Litva tərəfi Azərbaycana demokratikləşmə məsələlərində yardım göstərməyə hazırdırmı və bu məsələ iktərəfli görüşlər zamanı müzakirə olunubmu?

- Bizim hüquq-mühafizə orqanları səviyyəsində, məsələn, Azərbaycan və Litva prokurorluqları, habelə Konstitusiya Məhkəmələri arasında yaxşı əlaqələrimiz var. AB-yə üzv olmağımızla əlaqədər Litvada bəzi islahatlar xeyli müddət öncə gerçəkləşdirilib. Zərurət yaransa, biz həmişə Azərbaycanla hüquqi islahatlar sahəsindəki təcrübə ilə bölüşməyə hazırıq. Biz həmçinin istənilən idarələrarası əlaqələri dəstəkləməyə hazırıq.

- Litva tərəfi Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələsində Azərbaycana nə kimi yardım köstərə bilərdi?

- Xatırladım ki, 2004-cü ildə Azərbaycan AB-nin Avropa qonşuluğu siyasətinə daxil edilib və müvafiq fəaliyyət planı mövcüddur. NATO ilə Azərbaycan fərdi əməkdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, yəni əlaqələrin yaradılması üçün artıq bütün lazımi instrumentlər var. İndi qalır yalnız tərəflərin, yəni Litva, yaxud da Azərbaycanın iradəsindən çıxış edərək yaradılan instrumentləri və mövcud resursları lazımi şəkildə istifadə etmək. Məsələn Litva, AB tərəfdaşı olaraq AB-nin maliyyə instrumentini, Azərbaycanla bu və ya digər sahədə təcrübə mübadiləsi üçün ayrılmış resursları istifadə edə bilərdi. Bizim effektiv işlədiyimiz və sizin üçün maraq kəsb edə biləcək çoxlu sahələr var.

- Hüquqi anlaşma bazası hansı durumdadır?

- Azərbaycanla Litva arasında artıq bir çox sənədlər imzalanıb. Bəzilərinin imzalanmasını isə Litvanın AB-yə üzv olması səbəbindən təxirə salmaq lazım gəldi. Ancaq bir sıra sənədlər var ki, onlar hazırlıq mərhələsindədir. Məsələn, bunlar avtomobil daşımaları, mütəşəkkil cinayətkarlıqla mübarizə, readmissiya və digər sahələrə aid olan saziş layihələridir.

Xəbər lenti

Xəbər lenti