...

Emin Ağalarov: "Biznes və musiqi bir-birinə mane olmur"

Siyasət Materials 24 İyul 2007 16:17 (UTC +04:00)
Emin Ağalarov: "Biznes və musiqi bir-birinə mane olmur"

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ "Crocus International"şirkətinin direktoru Emin Ağalarovla eksklüziv müsahibə

- Siz öz biznesinizin strategiyasını necə xarakterizə edərdiniz? Uğurun ənənəvi nəzəri metoduna üstünlük verirsiniz və ya Sizin fərdi yanaşmanız var?

- Düşünürəm ki, fərdi yanaşma sözsüz ki, doğrudur. Bu, elə bizim şirkətimizin prinsipidir. Elə alınıb ki, hər şey kifayət qədər kreativ şəkildə baş verir, yəni atam Araz Ağalarov bu dəbin əsasını qoyub, mən isə bunu götürdüm və öz qeyri-ənənəvi Amerika-İsveçrə təhsilimin köməyi ilə bu bilikləri tətbiq edirəm.

Burada, ofisdə kifayət qədər demokratik mühitdir: hər bir əməkdaş öz işi ilə məşğuldur və işinə cavabdehdir. Nəzəriyyəyə o qədər də fikir vermirik, yəni burada hər şey təcrübə əsasında baş verir. Sözsüz ki, əsasən dünya təcrübəsindən istifadə olunur ki, bunu da haradasa görüb, oxuyub, öyrənmək imkanımız olub. Ona görə də bu, əsasən nəzəriyyə deyil, təcrübədir.

- "Crocus International" şirkətinin Rusiyadakı biznesin inkişafı ilə bağlı hansı planları var? KİV-də yer alan materiallar heç də həmişə doğru olmurlar və fərqli xarakter daşıyır.

- Biznesimizin inkişafının bir neçə istiqaməti var. Bu gün ən önəmlisi sərgi fəaliyyətidir. Bu, müəyyən mənada həm yeni, eyni zamanda köhnədir. Çünki biz vaxtı ilə böhrandan sonra sərgi fəaliyyətini satdıq. Məqsəd "Sənin evin" kompleksinin tikintisinə başlamaq idi. İndi isə biz bu fəaliyyəti bərpa etdik. Artıq "Krokus Siti" ərazisində öz sərgi meydançalarımız var.

Sərgi mövzüsü üzrə bu il meydançaların həcmi 450 min kv.m sərgi pavilyonlarına bərabər tutulacaq: bu, üç binadır, ikisi artıq mövcuddur və fəaliyyət göstərir, digər binanı isə biz indi tikirik. Bu, icarə ödəmələrinin böyük generatorudur. Sərgi tematikalarının bir hissəsi artıq tərəfimizdən tutulub. Yəni bu, avtomobil sərgisi, moda sərgisi ilə bağlıdır - bunu özümüz keçirir və təşkilatçılar rolunda da özümüz çıxış edirik. Bu, birincisi. İkincisi isə "Sənin evin" dükanlar şəbəkəsidir. Hazırda iki dükan var, üçü isə inşa mərhələsindədir. "Sənin evin" dükanlarının hər birinin sahəsi təxminən 50-dən 70 min kv.m bərabərdir. Daha aydın başa düşmək üçün onu deyim ki, ötən il iki "Sənin evin" dükanı təxminən 300 milyon dollar gəlir gətirib. Yəni biznesimizin böyük hissəsini iri gipermarketlər təşkil edir.

Başqa mövzumuz - ticarət mərkəzləridir. Təbii ki, bizdə "Krokus Siti Moll" var. İndi biz "Moll"un tikintisi ilə Kaşirkada da məşğul oluruq. O, həmin ərazidə yerləşən "Sənin evin" dükanına bitişəcək. Onun ərazisi 200 min kv.m təşkil edəcək. Hazırda mən məhz bu işlə sıx məşğulam. Kaşirkadakı "Moll" 1,5-2 ildən sonra istifadəyə veriləcək.

Moskvada aktiv inkişaf etdirdiyimiz daha bir istiqamət butik biznesidir. Moskvada şəhər üzrə 70 butikimiz var. Bununla biz Moskva zonasını məhdudlaşdırırıq. Daha bir böyük olmayan qəsəbə isə - 30 hektar Moskva vilayətində yerləşir.

Ümumilikdə Rusiyaya gəldikdə isə ideyamız belədir - ticarət mərkəzləri, sərgi mərkəzləri və "Sənin evin" şəbəkəsini "Krokus Siti"də istifadə olunan formulda həmçinin Rusiyanın digər böyük şəhərlərində, konkret olaraq Sankt-Peterburqda tətbiq etməyi planlaşdırırıq. Krasnodarla bağlı danışıqlar aparılır və mən düşünürəm ki, bu layihəni orada da gerçəkləşdirəcəyik. Yəni regionlarda developer biznesimizi inkişaf etdirməyi planlaşdırırıq.

Şübhəsiz ki, biz həm də Rusiya üzrə brendlərimizin distribüterliyi ilə məşğuluq. Özümüz burada heç nə açmırıq, məsələn Moskvada olmayan obyektləri subfranşirə edirik. Məsələn JLo butiki. Ölkə üzrə onlar çox açılır, təxminən 15-dək.

- "Crocus International" şirkətinin Azərbaycandakı bizneslə bağlı nə kimi planları var? Sizin üçün hansı sahələr daha cəlbedicidir? Sizin atanız Araz Ağalarov Azərbaycanda turist biznesinə iri investisiyaların yatırılması ehtimalını istisna etmirdi?

- Azərbaycanda biznesin genişləndirilməsi ilə bağlı hələ ki böyük planlar yoxdur. Araz Ağalarovun planlarında məsələn Dubay və Amerikada görə bildiyimiz səviyyədə böyük turizm rezortunu tikmək var. Bu yaşayış korpusları, mehmanxana infrastrukturu, hovuz, restoranlar, çimərlik və s. ilə olan böyük mehmanxana kompleksidir. Bu, ata Ağalarovun boş vaxtlarında məşğul olduğu işdir.

Mən isə Nardaran qəsəbəsindəki böyük olmayan yaşayış qəsəbəsinin inkişafı ilə məşğulam, həm də imkan çərçivəsində Moskvada təqdim etdiyimiz brendləri açıram ...

Ötən il mən Bakıda JLo açdım. Bu il Sergio Rossi, Casadei, Cesaro Paciotti, Celine və daha bir neçə brend açacam.

- Rusiyada biznesə malik olmaq istəyən azərbaycanlı iş adamlarına nə məsləhət görərdiniz? Bunun gerçəkləşdirilməsi nə qədər mümkündür?

- Düşünürəm ki, Moskva yəqin ki, elə onunla tanınır ki, burada böyük sayda azərbaycanlı sahibkarlar fəaliyyət göstərir. Doğrudur, onlar heç də həmişə parlaq kommersiya sahələrində təqdim olunmayıblar, lakin mən fikirləşirəm ki, təvazökarlıqdan uzaq səslənsə də, atamın nümunəsi əsasında belə qənaətə gəlmək olar ki, prinsip etibari ilə düzgün əməksevərlik yaxşı nəticələrə gətirib çıxarır. Əlbəttə, bunun üçün həm də istedad və bacarıq lazımdır. Lakin prinsipcə Rusiyada, konkret olaraq Moskvada bu gün normal ideyası və bir az dəstəyi olan iş adamı praktiki olaraq yaxşı inkişaf edən biznesin genişləndirilməsi üçün bütün şərtlərə malikdir.

- Həyat yoldaşınız Leyla Əliyeva Azərbaycan gəncliyinin inkişafına və Heydər Əliyev Fondunun Rusiyadakı layihələrinin koordinasiyasına kifayət qədər fəal qoşulub. Bu Sizin üçün nə qədər xoşdur?

- 100 faiz xoşdur. Çünki o, bunu Vətən qarşısında, həmyerliləri qarşısında xüsusi borc hissi ilə həyata keçirir və bu işi sırf müəyyən mənada yardıma ehtiyac duyan insanların rifahı üçün edir. Digər tərəfdən bu işi inkişaf etmək istəyən, Azərbaycanın dünya arenasındakı imicini təkmilləşdirən və ölkəmizin inkişaf perspektivi üçün nəsə etmək istəyən insanlar üçün edir. Mən buna çox müsbət yanaşıram. Özüm də günümün bir hissəsini böyük məmnuniyyətlə bu işə sərf edərdim, lakin təəssüf ki, yəqin hardasa vaxt, enerji və s. çatışmır. Onda isə bu var və həyat yoldaşımın fəallığı qürurdan savayı məndə başqa hisslər doğurmur.

- Belə çıxır ki, Siz şərq müdriklərinin "Qadın evin ocağını qoruyur" fikirləri ilə razılaşmırsız?

- Ötən əsrdə yaşasaydıq, onlarla razılaşardım. Lakin biz yeni əsrə qədəm qoymuşuq və indi hər şey başqa cürdür. Ona görə bu gün onlarla razı deyiləm.

- Sizin vokal imkanlarınız, musiqi albomları buraxmaq və konsertlər təşkil etməyiniz kifayət qədər maraqla qarşılanır. İfa etdiyiniz mahnılar Azərbaycanda çox populyardır. Musiqiyə marağınız nə qədər ciddidir? Biznes Sizin yaradıcılıq planlarınızın reallaşmasına nə qədər kömək edir və ya əksinə, mane olur?

- Musiqiyə gəldikdə, sual doğrudan da maraqlıdır. Çünki çoxları bilmir ki, bu mənim üçün nə qədər vacib, peşəkar, maraqlıdır və mən buna nə qədər vaxt sərf edirəm. Artıq 10 ildən artıqdır ki, bununla məşğulam və hobbi ilə karyera arasındakı sərhəd bir qədər silinib. Yəni aydın deyil, biznes hardadır, musiqi harda. Çünki hər ikisi çox vaxt aparır. Hər ikisini eyni həvəslə edirəm və mən daha yaxşı biznesmenəm, ya bəstəkaram və ya müğənniyəm - bunu demək mənə çətindir.

Hər iki işi görməkdə davam edəcəm. Biri o birinə mane olmur, əksinə, kömək edir. Çünki musiqinin kommersiya tərəfi çatışmır, ona görə də biznes-dəstəyə ehtiyac var. Biznesin isə yaradıcılıq tərəfi çatışmır, yəni məşğul olduğum fəaliyyəti əvəz edən. Günorta işləyirik, axşam isə oxuyuruq.

- Sizcə, Azərbaycanın Rusiyadakı diasporunun bugünkü problemi nədədir? Nə və necə etmək lazımdır ki, Azərbaycan və konkret olaraq Qarabağ münaqişəsi barədə həqiqət geniş kütlələrə çatdırılsın?

- Mənim əsas gördüyüm problem o qədər də problem deyil, nəinki əngəldir. Rusiyadakı azərbaycanlılara, bütün dünyada olduğu kimi birlik çatışmır. Yəqin ki bu, vətənpərvərliyin çatışmazlığı ilə bağlıdır. Çünki həyat yoldaşımın fəaliyyəti əsnasında bunun şahidi oluram, həmçinin özüm də görürəm ki, həmyerlilərimizə bir-biri ilə münaqişə etmək daha asan olur, nəinki hansısa məsələlərin, problemlərin həlli üçün ümumi dil tapmaq. Nəticədə, bu, çox böyük maneələr yaradır.

Həm də şəxsi ambisiyalar var, bəzən hətta çox qabarıq formada. Prinsipcə, Azərbaycan bu gün elə bir mərhələdədir ki, ölkəmiz və onun vətəndaşları üçün böyük perspektivlər vəd olunur. Çünki iqtisadi, mədəni inkişaf, turzimin inkişafı nəzərə alınsa, ölkəmiz dünya arenasına kifayət qədər layiqli şəkildə çıxır. Bunun üçün bütün perspektivlər var. Biz, Rusiyadakı azərbaycanlılar isə bu imici daşımalıyıq, insanlara Qarabağ münaqişəsi ilə bağlı həqiqəti bilmələri üçün kömək etməliyik, bu münaqişənin həlli üçün yardım etməliyik. Lakin bunun üçün komanda olmaq, birgə olmaq və bunu birgə etmək gərəkdir.

Xəbər lenti

Xəbər lenti