Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda siyasi proseslərin fəallaşdığı bir dövrdə "Azadlıq" blokunun yenidən Müsavat və ADP ilə bir yerdə olması mümkündür. Bu barədə müxalifəti təmsil edən "Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev açıqlama verib.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyası (ADP) və Müsavat Partiyası əvvəllər "Azadlıq" blokunda təmsil olunublar. 2005-ci ildə Müsavat deputatlarının parlamentdə iştirak etməsi, bu ilin əvvəlində isə ADP-nin hakimiyyətə münasibətdə yeni siyasi kurs qəbul etməsi blok daxilində narazılıqlara səbəb olmuşdu.
Əliyev qeyd edib ki, "Azadlıq" bloku onunla mövqeləri uzlaşan, hakimiyyətə qarşı ardıcıl mübarizə aparan siyasi qüvvələrlə əməkdaşlıq etmək niyyətindədir. Həmçinin vaxtilə müttəfiq olduqları ADP və Müsavatla yenidən bir qurumda təmsil olunmaq mümkündür: "Təxminən payız mövsümündə siyasi güclər arasında yeni qiymətləndirmə aparılacaq, mövqelər aydınlaşacaq. O zaman "Azadlıq" bloku ilə eyni mövqedən çıxış edən, prinsipləri çox yaxın olan qüvvələr bu bloka cəlb oluna bilər" - deyə Əliyev qeyd edib.
"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Partiyası (ALP) təmsil olunur.