...

Həmsədr: "Azadlıq" bloku payız aylarından etibarən aktiv siyasi fəaliyyətə başlayacaq və bu fəaliyyətin istiqamətlərindən biri də kütləvi aksiyaların keçirilməsi olacaq"

Siyasət Materials 13 Avqust 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /"Azadlıq" bloku payız aylarından etibarən aktiv siyasi fəaliyyətə başlayacaq və bu fəaliyyətin istiqamətlərindən biri də kütləvi aksiyaların keçirilməsi olacaq. Bu barədə bazar ertəsi Bakıda "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.

Son zamanlar siyasi arenada "Azadlıq" blokunun fəaliyyəti nəzərə çarpmır. Həmsədr bunun səbəblərinə aydınlıq gətirərkən qeyd edib ki, bu daha çox mövsümi xarakter daşıyır və havaların isti keçməsi ilə bağlıdır.

Onun sözlərinə görə, "Azadlıq" bloku artıq fəaliyyət istiqamətlərini də müəyyən edib.

"Blok əsasən sərbəst toplaşmaq azadlığının təmin olunması, seçki qanunvericiliyinin dəyişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda, blokda təmsil olunan partiyaların ortaq icra strukturları yaradılacaq, blokun seçki komissiyalarının fəaliyyəti gücləndiriləcək. Lakin hələlik bu məsələlərlə bağlı konkret qərarlar qəbul olunmayıb" - deyə Əliyev əlavə edib.

Blokun həmsədri qeyd edib ki, siyasi mübarizə çərçivəsində kütləvi aksiyaların keçirilməsi vacibdir.

Qeyd edək ki, "Azadlıq" blokunda 3 müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal və Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti