...

Ermənistanın bəzi mətbuat orqanları İran prezidentinin Bakıya səfərini tənqid edirlər

Siyasət Materials 20 Avqust 2007 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Bakıya sabaha nəzərdə tutulan səfərini Ermənistanın bəzi mətbuat orqanları, o cümlədən "Artsakh" qəzeti, "Arminform" İnformasiya Agentliyi və "Miutian hayastan" tənqid ediblər. Bu barədə İranın Teleradio Şirkətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, adları çəkilən qəzetlər qarşıdakı səfəri əldə bayraq edərək Ermənistan-Azərbaycan münaqişəsilə bağlı İranın tutduğu mövqeyinə dair tənqidi məqalələr dərc ediblər. "Onlar iddia edirlər ki, İran Ermənistan üçün etimada layiq tərəfdaş deyil və Ermənistan hökuməti İranla strateji əlaqələr qurulmasında ehtiyatla hərəkət etməlidir. Bu mətbuat orqanları öz iddialarını bununla əsaslandırmağa çalışıblar ki, İran İslam Respublikası özünün ideoloji baxışları səbəbindən Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqelərini daim müdafiə edib" - deyə İranın Teleradio Şurasından bildirilib. Erməni mətbuatı isə yazır ki, İran mədəniyyətlər və dinlərarası dialoqdan danışdığına baxmayaraq, bu münaqişəyə münasibətdə dini baxışlardan çıxış edir və konfliktin Ermənistanın xeyrinə həll olunmasını əsla istəmir. "İran iddia edir ki, bitərəf mövqe tutur və münaqişənin ədalətli yolla həllinə tərəfdardır. Bu ölkə Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu tanımır, halbuki demokratik Qərb ölkələri demokratiya prinsipinə əsaslanaraq xalqların öz müqəddəratını təyinetməsi prinsipinə zidd hərəkət edə bilməzlər" - deyə erməni mətbuatında yazılır.

Erməni mətbuatı Azərbaycanın Moskvadakı səfirinin Qarabağa səfər etdiyini və Arkadi Qukasyanla görüşdüyünü xatırladaraq, İranın azəri dilində yayımlanan "Səhər" proqramında həmin səfərin "Qarabağ hökumətini" bir növ qanuniləşdirmək cəhdi adlandırılmasını İranın sədaqətsizliyinin əlaməti adlandırıb. Yazıb ki, Ermənistan, bu telekanal tərəfindən öz əleyhinə verilişlər yayımlanması ilə əlaqədar İrana etirazını bildirməlidir. Ermənistanın bu mətbuat orqanları azərbaycanlı və erməni ziyalıların Azərbaycanın işğal altındakı ərazilərinə səfərinə işarə edərək Tehranı Yerevana qarşı ikili mövqe tutmaqda günahlandırıblar. Erməni müəllifləri yazır ki, necə olur, İran hətta bu ölkədə yaşayan ermənilərə belə Qarabağa səfər etməyə icazə vermir? "Görəsən, İran Azərbaycanın bundan narahat olacağına görə belə mövqe tutur, yoxsa bu ölkənin rəftarı ideoloji əsaslara söykənir? Aydındır ki, ideoloji əsaslara söykənir. Odur ki, Ermənistan hökuməti İranın İslam hökuməti ilə əlaqələr tənzimləyərkən bu məsələyə daha çox diqqət yetirməlidir".

Erməni KİV-ləri eyni zamanda İran İslam Respublikası ilə Türkiyə arasındakı strateji əməkdaşlıqları, xüsusilə də Türkmənistan qazının İran marşrutu ilə Türkiyəyə ixrac olunmasını Ermənistanın mənafeyinə zidd addım kimi dəyərləndirmişlər.

Yerevan KİV-ləri öz tənqidlərində daha da uzağa gedərək iddia ediblər ki, İranda çoxlu sayda erməni yaşadığına baxmayaraq, Tehran indiyədək "erməni soyqırımı"nı rəsmən tanımayıb.

Xəbər lenti

Xəbər lenti