Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupu azyaşşlı uzaqlara dövlət tərəfindən az qayğı göstərilməsindən narazıdır və bu problemin həllini nəzərdə tutan "Azyaşlı uşaqların sosial təminatının yaxşılaşdırılması haqqında" qanun layihəsi hazırlayıb. Bu barədə cümə günü Bakıda Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn məlumat verib.
"Aztəminatlı ailələrdə böyüyən uşaqlara müavinətlərin verilməsi bərpa olunmalıdır" - deyə millət vəkili bildirib.
Sovet dövründən etibarən Azərbaycan ailələrində olan uşaqlara hər ay müəyyən miqdarda müavinət verilirdi. Son bir necə ildə bu müavinətin miqdarı 1 manat 80 qəpik olub. Sonradan hökumət ölkədə ünvanlı sosial yardımın verilməsinə başlanılması ilə əlaqədar uşaqlara müavinət verilməsini dayandırıb.
Hüseyn hesab edir ki, azyaşlı uşaqları olan analara da müavinətlər verilməlidir.
Qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə olunmaq üçün sentyabr ayında parlamentə təqdim olunacaq.