...

Qobustan qapalı həbsxanasında aclıq edən məhkumlardan biri aclığı dayandırıb

Cəmiyyət Materials 13 Sentyabr 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında aclıq edən məhkumlardan biri aclığı dayandırıb. Bu barədə Trend ə cümə axşamı Penitensiar Xidmətin Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məlumat verib. Sadıqov bildirib ki, aclığı dayandıran Rauf Eyvazovun səhhəti ilə bağlı problemi yoxdur.

Şöbə rəisi Çingiz Paşayev, Şakir Rzaxanov, Yalçın Rzayev, Aydın Rzayev in aclığı davam etdirdiklərini, onların səhhətləri ilə bağlı problem olmadığını və həkim nəzarətində saxlanıldıqlarını deyib.

Məhkumların qohumları isə, 10 məhkumun sentyabrın 12-dən aclığa başladığını və aksiyanı davam etdirdiklərini bildirirlər.

Məhkumların qohumları bildiriblər ki, məhkumlar Avropa Parlamentinin Azərbaycanda səfərdə olan nümayəndələri ilə görüş tələb edirlər.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə

bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. O,ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti