...

Qobustan qapalı həbsxanasında aclıq edən məhkumlardan biri ağzını tikib

Cəmiyyət Materials 14 Sentyabr 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında aclıq edən məhkumlardan biri ağzını tikib. Bu barədə cümə günü Trend ə məhkumların kütləvi informasiya vasitələrinə və hüquq müdafiə təşkilatlarına ünvanladıqları məktubda məlumat verilir.

Məhkumlar aclıq edənlərin sayının mətbuatda 5 və ya 10 nəfər göstərilməsinə etiraz ediblər. Onlar bəyan edir ki, hazırda Qobustan həbsxanasında ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 15 məhkum aclıq edir.

Tələblərini qanuni hesab edən məhkumlar Avropa Şurasının Parlament Assambleyasının 1545 saylı qətnaməsinin 8.8 və 8.9-cu bəndlərinin Azərbaycan hökuməti tərəfindən icrasını tələb edirlər.

Məhkumlar məktubda qeyd edib ki, həmin qətnamədə Qobustan həbsxanasında şəraitin pis olduğu, özünə qəsd və ölüm hallarının sayının artdığı göstərilib.

Həmçinin ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemin həlli üçün hər bir məhkumun işinə yenidən baxılması və qanunun geriyə qüvvəsinin prinsiplərinin ən əlverişli müddəalarına müvafiq olaraq həmin məhkumlara cəza təyin olunması qətnamədə tövsiyə olunub.

Aksiya iştirakçıları bəyan edir ki, onların məhkəmələrə ünvanladıqları bütün ərizə və şikayətlərinə eyni məzmunlu cavablar verilir: "Aramızda elə məhkumlar var ki, onlar Ali Məhkəməyə ərizə verməsə də, onlara da eyni məzmunlu cavablar verilib".

Məhkumlar qanuni tələblərinin, haqq səslərinin prezidentə çatdırılmasını və ölkə başçısının onların barəsində ədalətli qərar çıxarmasını xahiş edirlər.

Penitensiar Xidmətin Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov aclıq edən 5 məhkumdan birinin - Rauf Eyvazovun aksiyanı dayandırdığını bildirib.

Məhkumların qohumları isə 10 məhkumun sentyabrın 12-dən aclığa başladığını və aksiyanı davam etdirdiklərini bildirirlər.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti