Azərbaycan, Bakı, 14 sentyabr / "TrendLife" , müxbir Şahin Cavadsoy/ Bir çox musiqi sevənlərdə belə bir fikir formalaşıb: estrada ifaçıları yalnız öz mahnılarına qulaq asırlar. Gəlir gətirən müğənninin ifası kimin xoşuna gəlməz? Müğənni Elariz bu barədə fikirlərini "TrendLife"la musahibəsində bölüşdü.
- Avtomobil idarə edən zaman öz mahnılarınızı dinləyirsiniz?
- Mən mahnını yazdırandan sonra ona dəfələrlə qulaq asıram ki, əyər-əksiyini görüm. Sükan arxasında olarkən təzə mahnıma azı bir əlli dəfə qulaq asıram.
- Bəs korifeylərdən kimlərə qulaq asmağa üstünlük verirsiniz?
- Mənim uşaqlıqdan sevdiyim sənətkar Rəşid Behbudov olub. Rəşid Behbudovla yanaşı, mən Anatolu Qəniyevi, Müslüm Maqomayevi, Oqtay Ağayevi, Mirzə Babayevi sevə-sevə dinləmişəm. Xalq musiqisinə də həmişə qulaq asmışam. Yəni mən bütün janrları sevirəm. Caz üslubunda Vaqif Mustafazadədən tutmuş, əcnəbi sənətkarlara kimi hamısına qulaq asmışam, onlardan nəsə öyrənmişəm.
- Öz müğənnilərimizdən kimlərə qulaq asırsınız?
- Mən özümü dinləməkdənsə, Flora Kərimovaya, Aybəniz Haşımovaya qulaq asmağı üstün bilirəm. Flora xanım bizim estradanın canlı korifeyidir. Hərçənd onun özünün bu addan xoşu gəlmir.
Müğənni Elariz yaradıcılıq planları ilə də bölüşdü: "Bir müddət bundan əvvəl sözləri Azər Nəsibova, musiqisi Hətəm Nəbioğluna aid olan "Özün de" mahnısını yazdırmışam. Yaxın zamanda isə Vaqif Gərayzadənin mahnısı üzərində işləyəcəm.."