...

Məhkəmə sabiq səhiyyə naziri Əli İnsanov barəsində hökmü qüvvədə saxladı(video)

Cəmiyyət Materials 21 Sentyabr 2007 11:35 (UTC +04:00)
Məhkəmə sabiq səhiyyə naziri Əli İnsanov barəsində hökmü qüvvədə saxladı(video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Məhkəmə sabiq səhiyyə naziri Əli İnsanov barəsində hökmü qüvvədə saxladı.

Cümə günü Bakı Apellyasiya Məhkəməsində korrupsiya və vəzifə cinayətlərində ittiham olunan sabiq səhiyyə naziri İnsanov və nazirliyin digər əməkdaşları barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə qərar elan olunub.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarı ilə Pərviz Kazımov və Fəxrəddin Abbasov barəsində mənimsəmə və ya israfetmə ittihamı üzrə daha yüngül cəza tətbiq edilərək bu ittiham üzrə hər birinin cəzası 7 ildən 5 ilə endirilib və digər ittihamlar üzrə cəzaları toplanaraq üzərlərindəki cəza 5 il 6 ay müəyyən edilib.

Təqsirləndirilən Akif Məhərəmovun ev dustaqlığında saxlanıldığı 1 il 1 ay 23 günü həbs müddəti hesablanmaqla üzərində 7 il 6 ay 1 gün, Aleksandr Umyaşkinin ev dustaqlığında saxlanıldığı 11 ay 15 gün həbs müddətinə hesablanmaqla üzərində 1 il 11 ay 2 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Digər təqsirləndirilənlər barəsində məhkəmə hökmü dəyişdirilməyib.

Məhkəmənin qərarını ədalətsiz hesab edən İnsanovun vəkili Toğrul Babayev Trend ə bildirib ki, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər: "Azərbaycan məhkəmələrində İnsanov barəsində ədalətli qərar çıxarılmayacağı təqdirdə İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət olunacaq".

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Birinci instansiya məhkəməsinin hökmü ilə sabiq nazirlə bərabər eyni cinayətlərdə təqsirləndirilən Səhiyyə Nazirliyinin sabiq əməkdaşları Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kazımova 7 il 6 ay, Fuad Mahmudova 5 il sınaqmüddətinə 7 il 6 ay, Vəkil Abbasova 4 il sınaq müddətinə 5 il, Akif Məhərrəmova əmlakı müsadirə olunmaqla 9 il, Eldar Rzayevə 7 il, Hacı Əliyevə 5 il sınaq müddətinə 7il, Şövqü Cəfərova 5 il sınaq müddətinə 7 il, Aleksandr Umyaşkinə 3 il iş verilib.

Xəbər lenti

Xəbər lenti