...

Röya Ayxan : "Mənim arxamda böyük ordu var"

Cəmiyyət Materials 25 Sentyabr 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /müx. TrendLife Səbinə Haşımova/

Çağdaş estradanın rəqibsiz siması Röya Ayxandan yenə də xəbər var. Bu dəfə maraqlı xəbər ardınca yol aldıq şəhərin ən dəbdəbəli "cofe house"larının birinə. Bəli, bütün qonaqlar sözügedən məkana cəm olmuşdu. Öyrəndik ki, KİV nümayəndələrini də dəvət edənlər müğənni Röyanın fanatlarıdır. Yəni, tədbir Röyasevərlərin zəhməti hesabına ərsəyə gəlib. "Fan Club", eləcə də yeni istifadəyə verilmiş saytın adminlərindən biri Gülnar Röyalı (sənətçiyə olan hədsiz sevgisi onu soyadını belə dəyişməyə vadar edib-S.H) TrendLife-a açıqlamasında bildirdi ki, xeyli vaxtdır onlar bu saytı yaradıblar : "Çox əziyyət çəkdik. Amma bəhrəsini indi görürük. Əminəm ki, Röya xanımın bütün fanatları bu saytı öz doğma evləri biləcəklər. Sevimli müğənnimiz barəsində hər bir yeni məlumatı, ilk olaraq biz geniş ictimaiyyətə yayacağıq".Pərəstişkarının dediklərini eşidən Röya, hədiyyə kimi qiymətləndirdiyi saytı barəsində bunları söylədi: "Mən, başda Gülüm (Gülnarı nəzərdə tutur) və əhatəmdə olan bu uşaqlara əsla fanat gözü ilə baxmıram. Onlar mənim hər şeyimdir. Göründüyü kimi,  mənim arxamda böyük ordu var. O ki qaldı sayta, Vallah, deyirlər ki, bir nömrəli ulduz mənəm məmləkətdə. Ancaq 25 yaşı olan bu ulduzun hələ şəxsi İnternet saytı yox idi. Sağ olsun bütün uşaqlarım. Yaxın gələcəkdə şəxsi veb səhifəm olmaqla bərabər, yeni bir jurnalım da işıq üzü görəcək".

Gənclər üçün nəzərdə tutulan dərginin "Bomba" adlanacağını TrendLife-a deyən müğənni, yaradıcılıq planlarından da danışdı: "İnşallah, şou-konsertlərim gözlənilir. İstəyirəm, bütün sevənlərimi növbəti dəfə şad edim. Yeni hitlərim, yeni proqramlarımla. 2008-in yanvarına qədər burdayam. Amma gələn ayın 2-ci günü bir həftəlik Türkiyəyə gedəcəyəm. Bu müddət ərzində jurnalımı, yəqin ki, nəşr etdiyə biləcəyik. Hamınızın diqqətinə səbəb olacaq jurnalımın gənclərin işinə yarayacağını da əminliklə söyləyə bilərəm. Odur ki, maraqlı yeniliklər gözləməyə dəyər".Əgər siz də Röya Ayxan fanatlarının ərsəyə gətirdiyi saytla tanış olmaq istəyirsinizsə, " www.RoyaAyxan.net " İnternet səhifəsini qaçırmayın .

Xəbər lenti

Xəbər lenti