...

Nümayəndə heyətinin rəhbəri: "AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edəcəyi real deyil"

Cəmiyyət Materials 2 Oktyabr 2007 15:24 (UTC +04:00)
Nümayəndə heyətinin rəhbəri: "AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edəcəyi real deyil"

Fransa, Strasburq / Trend müxbir A.Məhərrəmli, İ.Əlizadə,/Azərbaycan tərəfi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkədə siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edəcəyini real saymır. Bu barədə çərşənbə axşamı Strasburqda Trend ə eksklüziv açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

"Çətin ki, AŞPA Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin etsin. Çünki Azərbaycanda hökumət, parlament və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak ilə yaradılan İşçi qrup bu məsələ ilə bağlı öz işini davam etdirir. Əgər İşçi qrup öz işini davam etdirməsə, ola bilsin ki, AŞPA tərəfindən məruzəçi təyin olunsun. Hazırda İşçi qrup işini davam etdirir və ona görə də inanmiram ki, məruzəçi təyin olunacaq" - deyə nümayəndə heyətinin rəhbəri əlavə edib.

AŞPA-nın prezidenti Rene van der Linden bazar ertəsi jurnalistlərə bildirib ki, Azərbaycanda siyasi məhbuslarla bağlı yeni məruzəçi təyin ediləcək. AŞ PA rəhbəri bildirib ki, Avropa Şurası Azərbaycanda jurnalistlərin həbsi və siyasi məhbusların mövcudluğundan narahatdır. O bəyan edib ki, Avropa Şurası üçün bu, qəbuledilməzdir.

"Jurnalistlər hərdən təhlükəli, yaxud da bu cür qiymətləndirilən şəraitdə fəaliyyət göstərirlər. Onları həbs edirlər ki, bu da tamamilə qəbulolunmazdır" - deyə AŞ PA prezidenti bildirib.

2001-ci ildə Avropa Şurasına üzv qəbul edildikdən sonra Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olundu. 2005-ci ildə Avropa Şurasının təqdim etdiyi siyahı ilə siyası məhbuslar azad edildi və Azərbaycan vətəndaşlarının yerli məhkəmələrin qərarlarından İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət etmək proseduru tətbiq olunmağa başladıqdan sonra məruzəçi postu ləğv edildi.

Azərbaycanın hüquq müdafiəçiləri hesab edirlər ki, siyasi məhbus problemi həll olunmayıb. Ona görə də siyasi məhbus problemi üzrə yeni məruzəçiyə ehtiyac var. Hüquq müdafiəçiləri həbsdə olan yeddi jurnalistin adının da daxil olduğu 71 nəfərlik siyahını Avropa Şurasına təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti