...

Partiya sədrinin qəzet redaktoruna qarşı şikayəti üzrə məhkəmə davam etdiriləcək

Cəmiyyət Materials 9 Oktyabr 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı mülki qaydada şikayəti üzrə məhkəmə oktyabrın 30-da davam etdiriləcək. Bu barədə çərşənbə axşamı Trend ə Zeynallı məlumat verib.

Həsənquliyev Zeynallıya qarşı təhqir və böhtana görə iki iddia qaldıraraq baş redaktorun həm cinayət məsuliyyətinə cəlb olunmasını, həm də mülki qaydada cərimələnməsini və təkzib verərək üzr istəməsini tələb edir.

Çərşənbə axşamı Nərimanov rayon məhkəməsində mülki iddia üzrə keçirilən prosesə Həsənquliyevin vəkili gəlməyib. Hakim prosesi oktyabrın 30-na təxirə salıb.

Zeynallı bildirib ki, həmin prosesdə artıq tərəflərin barışacağı gözlənilir. Belə ki,

Həsənquliyevin vəkili ilə Zeynallı barışmaq barədə razılığa gəliblər: "Mən də Qüdrət Həsənquliyevə qarşı qarşılıqlı iddia qaldırmaq istəyirdim. Ancaq vəkillə razılaşdıq ki, bu mübahisələri barışıq yolu ilə həll edək. Ona görə də mən qarşılıqlı iddia irəli sürməyəcəm" -deyə "Xural"ın baş redaktoru bildirib.

Həsənquliyevin cinayət işi açılması üzrə iddiasına baxan hakim isə tərəflərə oktyabrın 17-dək vaxt verib.

BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi partiya hesab edir. Partiya sədri Həsənquliyev Milli Məclisin deputatıdır.

"Xural" qəzeti özünü heç bir siyasi qüvvəni təmsil etməyən müstəqil nəşr hesab edir.

Xəbər lenti

Xəbər lenti