...

ATƏT-in Ekologiya Departamentinin direktoru: "Dağlıq Qarabağ ərazisinin nəzarətsiz qalmasi ekoloji təhlükəsizlik və ətraf mühitin qorunmasında çətinliklər yaradır"

Cəmiyyət Materials 11 Oktyabr 2007 15:25 (UTC +04:00)
ATƏT-in Ekologiya Departamentinin direktoru: "Dağlıq Qarabağ ərazisinin nəzarətsiz qalmasi ekoloji təhlükəsizlik və ətraf mühitin qorunmasında çətinliklər yaradır"

Serbiya, Belqrad /xüsusi müxbir Trend E.Hüseynli / Azərbaycanın Ermənistan tərfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinin nəzarətsiz qalmasi ekoloji təhlükəsizlik və ətraf mühitin qorunmasında çətinliklər yaradır. Bu barədə cümə axşamı Belqradda Cənubi Qafqaz ölkələrində olan münaqişə zonalarına dair keçirilən tədbirdə ATƏT-in Ekologiya və İqtisadiyyat Departamentinin direktoru Bernard Snou bildirib.

Onun sözlərinə görə, ATƏT Azərbaycanın işğal olunan ərazilərində yanğınların baş verməsindən xəbərdardır. Bununla bağlı monitorinq keçirilib.

"İlkin ehtimala görə, həmin ərazilərdə yanğınlar havanın isti keçməsinə görə baş verib. Lakin burada yanğınların insanların təbiətə təsiri nəticəsində də baş verməsi istisna edilmir" - deyə Snou bildirib.

ATƏT təmsilçisi bildirib ki, nəzarətsiz qalan Dağlıq Qarabağ ərazisində silsilə monitorinqlərin keçirilməsi planlaşdırılır.

Oktyabrın 10-da Belqradda ekologiya nazirlərinin "Avropa üçün ətraf mühit" mövzusunda 6-cı toplantısı öz işinə başlayıb.

Konfransın əsas mövzusu Avroasiya məkanında ətraf mühitin qorunmasıdır.

Tədbirdə iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, son illər Dağlıq Qarabağda yanğınların baş verməsi intensivləşib və artıq 40 min hektar ərazi yanıb.

Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. ATƏT-in Minsk qrupunun himayəsi altında Azərbaycan və Ermənistan arasında münaqişənin həlli istiqamətində sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti