Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ali Məhkəmə DİN-in Baş Cinayət-Axtarış İdarəsinin həbsdə olan sabiq əməliyyat müvəkkili Hacı Məmmədovun yeznəsi Xosrov Şirinovun şikayətini təmin etməyib. Ali Məhkəmədən çərşənbə axşamı Trend ə bildirilib ki, qanunsuz odlu silah saxladığı üçün 2005-ci ildə məhkəmənin hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum edilmiş Xosrov Şirinov barəsindəki hökmdən kassasiya şikayəti vermək müddətini üzürlü səbəbdən keçirdiyi üçün həmin müddətin bərpası ilə bağlı Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə müddətin bərpa olunmasına qanuni əsas olmadığı üçün şikayəti rədd edib. Məhkəmədən bildirilib ki, hökmün qəbul olunduğu vaxtdan 1 il 6 ay müddətində təqsirləndirilən şəxs kassasiya şikayəti verə bilər. Yalnız üzürlü səbəblər olduqda-təbii fəlakət zamanı və şəxs ağır xəstə olduğu halda kassasiya şikayəti vermə müddəti bərpa oluna bilər.
Şirinov şikayətində xəstə olduğunu əsas gətirərək kassasiya şikayəti vermə müddətinin bitdiyini göstərib.
Hacı Məmmədov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə bildirib ki, silah tapılan ev onun daima gedib-gəldiyi evdir, həmin evdən tapılan silah onun adına sənədləşdirilib.
Məmmədov məhkəməyə verdiyi ifadəsində istintaqın ona qarşı qərəzli olduğunu və ondan qisas almaq məqsədilə yaxın qohumlarının qanunsuz həbs olunduğunu bildirib.