...

"Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb

Cəmiyyət Materials 22 Oktyabr 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit Müalicə Müəssisəsindən 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Ədliyyə Nazirliyinin penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Trend ə bildirib ki, Mirzə Sakitin müalicə kursu başa çatdığından o, oktyabrın 20-də cəza çəkdiyi müəssisəyə etap olunub.

Sadıqov Sakitin müəssisəyə köçürülməsinə etiraz olaraq aclığa başlaması barədə yayılan məlumatı təkzib edib. Şöbə rəisi Sakitin paytaxta daha yaxın cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müraciətinin müsbət cavablandırılmadığını bildirib.

Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova isə onun ötən şənbə günü Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsinə etiraz olaraq aclığa başladığını bildirib. Məhkumun həyat yoldaşı Sakitin aksiyanı tələbi yerinə yetirilənə qədər davam etdirəcəyini deyib.

Sakit Müalicə Müəssisəsinə iyulun 21-də köçürülüb. O, müalicə olunmasına şərait yaradılması tələbi ilə saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində iyulun 8-dən 15-ə kimi aclıq aksiyası keçirib.

Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev bir müddət əvvəl Trend ə açıqlamasında bildirmişdi ki, Sakit Zahidov (Mirzə Sakit) nevrosteniya dioqnozu ilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə qəbul olunub və onun səhhəti ilə bağlı ciddi problemi yoxdur.

Sakit Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya və Ali Məhkəmə də onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti