...

Azərbaycanda söz azadlığına təzyiqlərə etiraz aksiyaları keçiriləcək

Cəmiyyət Materials 31 Oktyabr 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda ən uzunmüddətli həbs cəzasına məhkum edilmiş jurnalist Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi ölkədə söz və mətbuat azadlığına olan təzyiqlərə etiraz olaraq, silsilə etiraz aksiyaları keçirəcək. Trend xəbər verir ki, bu barədə Komitənin çərşənbə günü keçirdiyi toplantısında qərar qəbul edilib.

Terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması və vergidən yayınma cinayətlərində təqsirli bilinərək, Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin 30 oktyabr tarixli hökmü ilə 8 il 6 ay həbs cəzası almış "Gündəlik Azərbaycan" və"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru məhkəmənin hökmü ilə 242 min 522 manat məbləğində cərimələnib və onun baş redaktoru olduğu qəzetlərin 23 kompüteri müsadirə olunub.

Məhkəmənin hökmündən sonra "Human Rights Watch", Sərhədsiz Reportyorlar Təşkilatı, Avropa Şurası Azərbaycanda söz və mətbuat azadlığının pozulmasına etiraz bildirib və Fətullayevin cəzalandırılmasını mətbuata təzyiq kimi qiymətləndirib.

Müdafiə Komitəsinin sədri, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Millli Komitəsinin sədri Arzu Abdullayeva bildirib ki, ölkənın beynəlxalq qanunlarla üzərinə götürdüyü öhdəliklərə əsasən, Fətullayev azadlığa buraxılmalıdır. "Əks təqdirdə, Azərbaycana beynəlxalq miqyasda təzyiqlər artacaq", - deyə Abdullayeva bildirib.

İclasda "Gündəlik Azərbaycan" qəzetinin redaktoru Şahvələd Çobanoğlu "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan"qəzetlərinin fəaliyyətinin dayandırılması və redaksiyalara məxsus kompüterlərdə qorunan informasiya mənbələrinin müsadirəsi ilə bağlı Fətullayevə və qəzet əməkdaşlarına vurulmuş maddi ziyanın Azərbaycan dövləti və Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət olunacağını deyib.

Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildikdən sonra, onun baş redaktoru olduğu qəzetlərin redaksiyasında və yaşadığı mənzildə MTN əməkdaşları axtarış aparıblar. Axtarış zamanı redaksiyaya məxsus kompüterlər və digər avadanlıqlar götürülüb. Qəzetlərin əməkdaşları isə, siyasi sığınacaq üçün xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət edib.

Həzırda Azərbaycanda peşə fəaliyyəti ilə bağlı səkkiz jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti