...

Azərbaycanlı iş adamı Türkiyədə ikinci radiostansiya alıb

Cəmiyyət Materials 5 Noyabr 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu "Palmali" Şirkətlər Qrupunun "Pal Media" Şirkəti hazırda yayımda olan Pal FM- dən başqa, yeni bir radiostansiya alıb. Bu barədə bazar ertəsi Trend ə "Pal Media" şirkətindən məlumat verilib.

Şirkətin noyabrın 1-də imzaladığı sazişlə, "Pal Media" Türkiyənin ilk özəl kanalı olan İstanbul FM-i satın alıb və FM radiolarının sayını ikiyə çatdırıb.

"Pal Media" Şirkətinin baş direktoru İbrahim Nəbioğlunun sözlərinə görə, 1993- cü ildən yayımlanan və Türkiyənin ən populyar radiostansiyalarından biri olan "İstanbul FM"in alınması "Pal Media"nın bu sektordakı iddialarını göstərir. Nəbioğlunun sözlərinə görə, özəl şirkətin daha bir radiostansiya alması Türkiyədə böyük rezonansa cəbəb olub. Nəbioğlu bildirib ki, "İstanbul FM" bütün Türkiyə ərazisinə yayımlanır.

Onun sözlərinə görə, "Pal Media" Şirkəti Türkiyənin ən böyük media qurumları ilə rəqabətə girib və az vaxtda Türkiyənin ən böyük media orqanlarından birinə çevriləcək.

Şirkətdən verilən digər bir xəbərə görə, "Pal Media"nın ikinci radiosunun yayıma başlamasının ardınca, noyabrın sonuna qədər şirkət növbəti layihəsini - internet xəbər portalını da (saytını) təqdim edəcək.

"Palmali" Şirkətlər Qrupununun 2007- ci ildə Türkiyənin media sektoruna qoyduğu sərmayə 20 milyon dolları kecib. Xəbər portalı istifadəyə verildikdən sonra, "Pal Media"nın 2008- ci ildəki növbəti hədəfi isə, televiziya kanalı açmaqdır.

Xatırladaq ki, "Palmali" Şirkətlər Qrupuna aid "PalMedia" şirkəti bu ilin avqustunda Türkiyədə 99.2 tezlikdə yayımlanan "Pal FM" radiosunu açıb. "Pal FM"də türk pop-musiqisi ilə yanaşı, Azərbaycan musiqisi də səslənir. Yeni açılan radionun formatı haqqında hələlik məlumat verilmir.

Bu radiolar Türkiyədə azərbaycanlılar tərəfindən təsis edilmiş ilk radio kanallarıdır.

Xəbər lenti

Xəbər lenti