...

Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri: "İnsanları təhqir edən hər bir jurnalist qanun qarşısında cavab verməlidir"

Cəmiyyət Materials 9 Noyabr 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Peşəsindən asılı olmayaraq, insanların şərəf və ləyaqətini alçaldan hər bir şəxs məhkəmə qarşısında cavab verməlidir, cümə günü jurnalistlərə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycanda heç kimə, o cümlədən jurnalistlərə kiminsə hüquqlarını tapdalamağa haq verilməyib.

"Bir insanın hüququnu başqa insanın sənəti hesabına məhdudlaşdıra bilmərik. Söz və mətbuat azadlığı ilə ayrı-ayrı insanları təhqir etmək, şərəf və ləyaqəti alçaltmaq arasında hər hansı baglılıq yoxdur" Həsənov əlavə edib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 30 oktyabr tarixli hökmü ilə 8 il 6 ay həbs cəzası almış "Gündəlik Azərbaycan" və"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev məhkəmənin hökmü ilə 242 min 522 manat məbləğində cərimələnib və onun baş redaktoru olduğu qəzetlərin 23 kompüteri müsadirə olunub. Məhkəmənin hökmündən sonra "Human Rights", Sərhədsiz Reportyorlar Təşkilatı, Avropa Şurası Azərbaycanda söz və mətbuat azadlığının pozulmasına etiraz bildirib və Fətullayevin cəzalandırılmasını mətbuata təzyiq kimi qiymətləndiriblər. Azərbaycanda daha 6 jurnalist həbsdədir.

Həsənov deyib ki, beynəlxalq təşkilatların istəyindən asılı olmayaraq, Azərbaycan hökuməti özbaşınalığa və anarxiyaya yol verməyəcək. "Jurnalistləri heç kim həbs etmir. Sadəcə olaraq əlinə qələm alıb, özünə jurnalist adını qoyub, insanları təhqir edən hər bir jurnalist qanun qarşısında cavab verməlidir" Prezident Aparatının şöbə müdiri əlavə edib.

Xəbər lenti

Xəbər lenti