...

Qənimət Zahidov Mətbuat Şurasının zəmanəti ilə azadlığa buraxıla bilər

Cəmiyyət Materials 13 Noyabr 2007 18:57 (UTC +04:00)
Qənimət Zahidov Mətbuat Şurasının zəmanəti ilə azadlığa buraxıla bilər

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Daxili İşlər naziri Ramil Usubov çərşənbə axşamı Mətbuat Şurasının sədri Əflatun Amaşovu, "Yeni Nəsil" Jurnalistlər Birliyinin və "Gün səhər" qəzetinin idarə heyətinin sədri Arif Əliyevi qəbul edib. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Görüşdə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov barəsində qaldırılmış cinayət işi və onun haqqında seçilmiş iki aylıq həbs qətimkan qərarı müzakirə edilib.

Daxili işlər naziri istintaqın gedişi barədə ümumi məlumat verib və araşdırmanın ədalətli aparılacağını bildirib.

Amaşov və Əliyev istintaqın Qənimət Zahidovun azadlıqda qalması şərti ilə davam etdirilməsinin mümkünlüyünü nəzərə çatdırıblar və bu məqsədlə, baş redaktorun Mətbuat Şurasının zəmanətinə verilməsi üçün mümkün addımları atmağı nazirdən xahiş ediblər.

Daxili işlər naziri deyib ki, müraciət qısa zamanda nəzərdən keçiriləcək və ona münasibət bildiriləcək.

Mətbuat Şurası baş prokuror Zakir Qaralovun ünvanına da eyni məzmunlu müraciət hazırlayır.

"Azadlıq" qəzetinin baş redaktoru qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda ittiham olunaraq, Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs edilib.Əgər ittihamlar sübut olunarsa, baş redaktoru 3 ilə qədər həbs gözləyir.

Zahidov həbsini özünə qarşı hazırlanmış təxribat kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti