Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda 2008-ci ildə elmi dərəcələrə görə maaşların artırılması planlaşdırılır. Bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komissiyasının üzvü, Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov məlumat verib.
"Elmlər doktorlarının və elmlər namizədlərin maaşlarının ayrıca bir şkala üzrə və yüksək səviyyədə artırılması nəzərdə tutulub. Bu artım nəticəsində elmlər doktorları və elmlər namizədləri akademiklərin aldıqları maaşa yaxın nəvaciblə təmin olunacaqlar" - deyə Məhərrəmov əlavə edib.
2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə akademiklərə konkret maaş müəyyənləşdirilib. İndi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri 1000 manat, müxbir üzvləri isə 700 manat maaş alırlar.
Azərbaycanda 1800 nəfərə yaxın elmlər doktoru var. Onlardan 500 nəfərə yaxını Milli Elmlər Akademiyasında, 1200 nəfəri Azərbaycanın ali təhsil müəssisələrində, 100 nəfəri isə müxtəlif strukturlarda fəaliyyət göstərirlər. Azərbaycanın əsas ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində 300 nəfər elmlər doktoru işləyir.
Məhərrəmov qeyd edib ki, elmi dərəcələrə görə maaşların artırılması həm 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulub, həm də ehtiyat fondlardan bura vəsaitin ayrılması planlaşdırılır.