Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan qrossmeysteri Şəhriyar Mammədyarov Moskvada keçirilən və Mizail Talın xatirəsinə həsr olunmuş dairəvi şahmat turnirdə dalbadal ikinci məğlubiyyətə uğramışdır.
Gənclər arasında ikiqat dünya çempionu qara fiqurlarla Vladimir Kramnikə uduzmuşdur. Məhz Kramnik yarışın əvvəlindən turnirin favoriti hesab olunurdu və o, bunu öz oyunu ilə sübuta yetirdi. Bu qələbə Rusiya idmançısına yarış cədvəlində liderliyini möhkəmləndirməyə imkan verdi və çətin ki, Kramnik öz mövqeyini bundan sonra əldən buraxa. Eyni zamanda son məğlubiyyəti Şəhriyar üçün ilk üçlükdə qalmaq vəzifəsini mürəkkəbləşdirdi. Çünki cədvəlin yuxarı eşelonlarında çox güclü rəqabət mövcuddur.
Qeyd etmək lazımdır ki, bundan əvvəl Ş.Məmmədyarov amerikalı Qata Kamskiyə də məğlub olmuşdu, amma ukraynalı Vasili İvançuk üzərində qələbə çalmışdı. Bütün digər görüşlərini həmvətənimiz heç-heçə başa vurub.