Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/Azərbaycanda "Diffomasiya haqqında" qanunun qəbul olunması il ərzində onlarla jurnalistin "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov kimi qətlə yetirilməsi ilə nəticələnə bilər. Bu barədə bazar ertəsi Bakıda öz işinə başlayan "Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Mən əmin edirəm ki, Azərbaycan mentaliteti və Qafqaz temperamenti ilə insanların məhkəməyə müraciət etmək hüququndan məhrum olunması bir ildə Azərbaycanda onlarla Elmar Hüseynovların yaranmasına gətirib çıxaracaq. Çünki jurnalistlərin peşəkarlığı aşağı səviyyədədir" - deyə Həsənov əlavə edib.
"Monitor" jurnalının baş redaktoru Hüseynov 2005-ci il mart ayının 2-də yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qətlin sifarişçiləri və icraçıları hələ də azadlıqdadır.
"Diffomasiya haqqında" qanun böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv olunmasını nəzərdə tutur.
Həsənov qeyd edib ki, Azərbaycanın yaxın hədəfi "Diffomasiya haqqında" qanunu qəbul etməkdir. Amma bir şərtlə ki, Azərbaycan jurnalistləri məhkəməyə müraciət etmək hüququndan məhrum edilmiş insanların qabağına çıxmaq məsuliyyətini öz üzərlərinə götürə bilsinlər: "Biz insanları şərəf və ləyaqətini qorumaq üçün məhkəməyə müraciət etmək hüququndan azad ediriksə, deməli onların müraciət ünvanı şəxsiyyəti təhqir edən jurnalist olacaq".
Prezident Aparatının rəsmisi jurnalistlərin həbs olunması haqqında qərar çıxaran hakimlərə haqq qazandırıb. "Əgər vətəndaş şərəf və ləyaqətinin alçaldıldığını, bunun qəsdən və bilərəkdən edildiyini məhkəmədə sübut edirsə, onda hakim nə etməlidir? Jurnalistin başına sığal çəkməlidir ki, yaxşı etmisən, get bir də elə. Əgər qanunda belə hərəkətlərə yol verənlərlə bağlı cinayət məsuliyyəti varsa, hakim bu məsələdə ittiham olunanları həbsə almalıdır. Bu gün Azərbaycanda jurnalist cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki Azərbaycan "Diffomasiya haqqında" qanunu qəbul etməyib" - deyə Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycan gözləyir ki, təcrübəli və öndə gedən Avrpoa ölkələri "Diffomasiya haqqında" qanunu qəbul və tətbiq etsin, cəmiyyətdə sınaqdan çıxartsın. Prezident Aparatının rəsmisi hesab edir ki, Azərbaycan jurnalistlərinin bugünkü məsuliyyəti hakimiyyətə imkan vermir ki, "Diffomasiya haqqında" qanunu qəbul etsin: "Ona görə ki, Azərbaycan jurnalistləri peşəkar səviyyəyə gəlib çatmayıb. Azərbaycan jurnalistləri hələlik o məsuliyyətdə deyil ki, qələmi əlinə alanda başqa insanların hüququnun haradan başladığını və harada bitdiyini və nəyi yazıb-yaza bilməyəcəyini müəyyən etsin. Avropada jurnalistlər ona görə həbsdə deyil ki, peşəkarlıq səviyyəsi yüksəkdir".