...

Röyanın konserti təxirə salınıb

Cəmiyyət Materials 20 Noyabr 2007 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /müx. TrendLife Günel Əhmədova/

"Ses orqanization"ın təşəbbüsü ilə dekabrın 20-23-də Röyanın növbəti konserti keçiriləcəkdi. Lakin müəyyən səbəblərdən konsert təxirəsalınıb. Bu barədə TrendLife-a müğənninin mətbuat katibi Ülviyyə Alovlu məlumat verib. O, konsertin vaxtının gələn ilin ilk aylarına keçirildiyini qeyd edib. Mətbuat əlaqələndiricisi qeyd edib ki, repertuar üçün nəzərdə tutulan aranjemanlar hazır deyil və konsertə hazırlıq xeyli vaxt tələb edir:

" Nəzərdə tutulan vaxtacan repertuar tamamlanmır. Bunlar Röyanın istəyindən asılı deyil. Çünki aranjemançı musiqini təhvil verməsə, mahnı hazır olməz. Həmin tarixdə konsertin keçiriləcəyi yerin dövlət tədbirləri üçün ayrıldığını nəzərə alıb, konsertin vaxtını dəyişdik. Bu addımı təşkilatçı Nahid Emiloğlu Röya ilə birlikdə atıb. Bu məsələ də dəqiqləşməyib. Təxminən deyə bilərəm ki, ola bilsin, konsert fevrala kimi təxirə düşsün. Məkanın Opera Və Balet Teatrının olacağı isə hələ dəqiq deyil".

Alovlu onu da dedi ki, müğənninin adını daşıyan jurnal yenicə işıq üzü görüb. Müğənni dərginin ilk sayını yeniyetmələrin yaş dövrünü əhatə edən problemlərə və fanatlarına həsr edib. Bu sayda müğənninin ən son fotoları da verilib. Eyni zamanda, jurnalda xarici ulduzlar haqqında bilgilər yer alıb. Öyrəndik ki, "Röya" hər ayın bu günləri satışa çıxarılacaq.

Müğənninin mahnılarından söz düşmüşkən deyək ki, yaxın aylarda Röyanın möhtəşəm albomu işıq üzü görəcək. Bu, nəzərdə tutulan 3 albomdan biri olacaq və fərqliliyilə seçiləcək. Müğənninin repertuarından söz salan mətbuat katibi daha sonra qeyd etdi ki, Röyanın "Dəyirman" qrupu ilə Lalə Məmmədovaya məxsus yeni dueti yazılıb. Hitə iddialı olan duetin yaxınlarda kanallarda səsləndiriləcəyi nəzərdə tutulub.

Müğənni haqqında ən maraqlı xəbərsə, onun hazırda üzərində məsuliyyətlə çalışdığı musiqili layihəsidir. Mətbuat əlaqələndiricisi bu barədə danışmağın hələ tez olduğunu söyləməklə yanaşı, bildirdi ki, bu, hamını şoka salacaq və bu barədə ilk dəfə TrendLife-ın oxucuları məlumatlanacaqlar.

Xəbər lenti

Xəbər lenti