...

"Mütəfəkkir" şirkətinin rəhbəri barəsində cinayət işinə xitam veriləcək - Bakı şəhər prokurorluğu

Cəmiyyət Materials 20 Noyabr 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Bakıda 25 nəfərin ölümü ilə nəticələnən bina uçqunu ilə bağlı başlanmış cinayət işinin "Mütəfəkkir" şirkətinin rəhbəri barəsindəki hissəsinə xitam veriləcək. Bakı şəhər prokurorluğundan çərşənbə axşamı "Trendə" bildirilib ki, Ədliyə nazirliyinin penitensiar xidmətindən, şirkətin rəhbəri Əli Muradovun ölümü ilə bağlı müvafiq sənədlər prokurorluğa daxil olandan sonra, bu məsələyə baxılacaq.

"Mütəfəkkir" tikinti şirkətinin rəhbəri Əli Muradov bazar günü həbsxananın xəstəxanasında ürək çatışmazlığından dünyasını dəyişib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsindən bildirilib ki, Muradov, xəstəliyi ilə əlaqədar, saxlandığı 1 saylı İstintaq Təcridxanasından Müalicə Müəssisəsinə köçürülüb. Təyin olunan müalicə kursunu keçsə də, Muradovun həyatını xilas etmək mümkün olmayıb.

Muradov Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan, özbaşına bina tikmə maddələri ilə təqsirləndirilərək, həbs olunub. Onunla birgə, şirkətin mühəndisi Əsgər Əliyev və iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov da həbs ediliblər.

Muradovun vəkili, onun səhhətinin ağır olmasını nəzərə alaraq, barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi bir neçə gün əvvəl bu məsələyə baxıb və şikayəti təmin etməyib.

Bu il avqustun 28-də Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda "Mütəfəkkir" şirkətinin inşa etdiyi onbeşmərtəbəli yaşayış binasının uçması nəticəsində, 25 nəfər həlak olub, beş nəfər xəsarət alıb. Şirkətin rəhbəri Əli Muradov bu hadisədən sonra həbs edilib.

Digər təqsirləndirənlərlə bağlı cinayət işinin istintaqı davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti