...

Azərbaycanda radikal dini qrupların fəaliyyətinin qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilir - Dövlət Komitəsinin şöbə müdiri

Cəmiyyət Materials 4 Dekabr 2007 12:41 (UTC +04:00)
Azərbaycanda radikal dini qrupların fəaliyyətinin qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilir - Dövlət Komitəsinin şöbə müdiri

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanda vəhabi adı altında fəaliyyət göstərən radikal dini qruplara qarşı inzibati tədbirlər gücləndirilib. "Ölkədə mövcud olan radikal dini qrupların fəaliyyətinin qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilir" çərşənbə axşamı Trend ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dini qurumlarla iş üzrə şöbəsinin müdiri Gündüz İsmayılov bildirib.

Sentyabrın sonlarında zabit Kamran Əsədov Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edib. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayəti bir qrup şəxslə törədib. Əsədov və qrupun digər üzvləri silah-sursatın və hərbi ləvazimatın bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. MTN tərəfindən oktyabr ayının 27-də Bakının Maştağa qəsəbəsi, Bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Azərbaycanın hüquq-mühafizə orqanlarına radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub.

İsmayılovun sözlərinə görə, Azərbaycanda radikal dini qruplaşmalar mövcuddur. Ancaq bu radikal dini qruplar Azərbaycan cəmiyyətinin çox cüzi bir hissəsini təşkil edir. Şöbə müdiri bildirib ki, problemin həlli inzibati yolla yanaşı, dini maarifləndirmənin gücləndirilməsindən keçir. Onun sözlərinə görə, Dövlət Komitəsi tərəfindən dini maarifləndirmənin gücləndirilməsi üçün həyata keçirilən kompleks tədbirlər sırasına respublikanın şəhər və rayonlarında iyul ayından başlayaraq ilin sonuna kimi davam edəcək treninq-seminarların keçirilməsi daxildir. Artıq bu günə qədər 150 seminar-treninq keçirilib. Bu seminarların keçirilməsində məqsədlərdən biri radikal dini təriqətlərlə bağlı cəmiyyəti məlumatlandırmaqdır. Həmin tədbirlərdə ziyalılara, din xadimlərinə maarifləndirici məlumatlar verilir.

İsmayılov deyib ki, kompleks tədbirlər sırasında maarifləndirici dini kitabların nəşri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti