...

Həbsdə olan baş redaktor aclığa başlayıb

Cəmiyyət Materials 8 Dekabr 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru bu gündən müddətsiz aclıq aksiyasına başlayıb.

Bu barədə Trend ə şənbə günü baş redaktor Qənimət Zahidin vəkili Elçin Sadıqlı məlumat verib. Vəkil bildirib ki, cümə günü axşam baş redaktor aclığa başlaması ilə bağlı ərizəni saxlandığı 1 saylı İstintaq Təcridxanasının rəisinə təqdim edib.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə şübhəli bilinərək noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Vəkil bildirib ki, Zahid siyasi repressiyaların dayandırılması, mətbuata təzyiqlərə son qoyulmasını tələb edir.

Sadıqlı baş redaktorun səhhəti ilə bağlı problemin, saxlanma şəraitindən şikayətinin olmadığını deyib.

Noyabrın 7-də baş redaktor Vüsal Hüseynov adlı şəxs tərəfindən hücuma məruz qalmış, bununla bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına şikayət etmişdi. Lakin baş redaktor qarşı tərəfin şikayəti əsasında həbsə atılıb. 

Qarşı tərəf də həbs olunub. Vüqar Hüseynova Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham elan olunub.

Baş redaktorla Hüseynovun cinayət işi bir icraatda birləşdirilib. İstintaq yekunlaşıb və cinayət işinin materialları tanışlıq üçün tərəflərə təqdim olunub. Əgər ittihamlar sübut olunarsa, baş redaktoru 3 ilə qədər həbs gözləyir.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 9 jurnalist həbsdədir. Onlardan 7 nəfəri məhkum olunub, iksi barəsində həbs qətimkan tədbiri seçilib.

Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar.

Xəbər lenti

Xəbər lenti