...

İsraildə Heydər Əliyevin xatirəsi yad edilib

Cəmiyyət Materials 10 Dekabr 2007 16:01 (UTC +04:00)

İsrail, Qüds / Trend müxbir R.Abdullayev/ Azərbaycanlıların Yaxın Şərq Konqresi bu gün İsraildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının dördüncü ildönümünü qeyd edib.

Konqresin tədbirdə iştrak edən prezidenti Aleks Şapiro-Suliman qeyd edib ki, görkəmli dövlət xadimi bütün dünyada hörmət qazanıb. Bir çox illər ərzində Heydər Əliyevin aktiv fəaliyyəti Azərbaycan və yəhudi xalqlarının ümumi tarixi ilə bağlı olub. Şapiro-Sulimanın fikrincə, Heydər Əliyev İsrail və Azərbaycan arasında strtateji əməkdaşlığın əsasını qoyub, iki ölkə arasında mövcud dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz şəxsi töhfəsini verib.

"Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra respublikada milli dövlətçiliyin möhkəmləndirilməsi sahəsində, praqmatik prinsiplər əsasında münasibətlərin yaradılmasında əldə olunmuş nailiyyətlər öz əksini siyasi diasporda tapdı. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi digər ölkələrdə yaşayan azərbaycanlıların birliyinə və Vətən naminə fəaliyyət göstərmək stimulunun yaranmasına gətirib çıxardı" - deyə Suliman bilidirib.

Konqresin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut qeyd edib ki, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qazanılması və möhkəmləndirilməsində, beynəlxalq arenada təsirinin gücləndirilmsəsində, Azərbaycan və İsrail arasında ikitərəfli əlaqələrin inkişafı və genişləndirilməsində tarixi rolu qiymətsizdir. Onun fikrincə, Heydər Əliyevin adı əbədi olaraq müstəqilliyin qazanılmasında əldə olunan tarixi nailiyyətlərlə bağlıdır.

"Mərhum Heydər Əliyevin müdrik siyasəti sayəsində bu gün Azərbaycan öz xarici siyasətində sabitlik faktoru kimi çıxış edən ölkə və Cənubi Qafqazın regional lideridir" - deyə Qut bildirib.

Konqresin vitse-prezidenti, Xolon Texnologiya Universitetinin professoru Bəxtiyar Yaqubov hesab edir ki, yeni tarix bundan sonra da Heydər Əliyevin fəaliyyətini qiymətləndirəcək.

"Mənim yaddaşımda o, nə istədiyini yaxşı bilən və etdiklərinə möhkəm inanan böyük insan kimi qalıb. Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev kimi sevən ikinci insan tanımıram" - deyə professor Yaqubov bildirib.

Konqresin vitse-prezidenti, partiya aparatında Heydər Əliyevlə 25 il çalışmış Rabay Xananayev qeyd edib ki, 60-70-ci illərdə Heydər Əliyev Sovet İttifaqının Yaxın və Orta Şərqə dair siyasətinin həyata keçirilməsində əsas fiqur olub.

"Mübaliğəsiz demək olar ki, Sovet İttifaqı türk və müsəlman dünyasına münasibətdə siyasi xəttinin müəyyənləşdirilməsində Heydər Əliyevin tövsiyələrini əsas götürüb. Bu, SSRİ-nin daxilində türk respublikaları arasında münasibətlərin möhkəmlənməsinə, xüsusilə Azərbaycanın bütün türk dünyası ilə münasibətlərinin inkişafına müsbət təsir göstərib. Heydər Əliyev türk dünyasının ikinci Atatürküdür" - deyə Xananayev bildirib.

"Bakı-Hayfa" cəmiyyətinin rəhbəri Miron Fel deyib ki, Azərbaycan keçmiş sovet məkanında antisemitizmin mövcud olmadığı bir ölkədir. "Azərbaycan cəmiyyətində heç bir irqiçilik, milli və ya dini zülm, o cümlədən antisemitizm faktlarına rast gəlinməyib. Heydər Əliyevin bu mənada xidmətləri böyükdür, Heydər Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan çoxmillətli dövlətdir və bu bizim əsl zənginliyimizdir" - deyə Fel bildirib.

Bu gün Azərbaycanlıların Yaxın Şərq Konqresinin mərkəzi ofisinə səhər saatlarından başlayaraq İsrailin siyasi və işgüzar elitasından, İsrail Parlamenti deputatlarından, siyasi partiya rəhbərlərindən, Heydər Əliyevin anım günü münastbətilə İsraildə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrindən başsağlığı məktubları daxil olub.

Xəbər lenti

Xəbər lenti