Azərbaycan, Bakı / Trend ,müxbir K.Zərbalıyeva/ Gələn il yanvarın ikinci yarısında 30-a yaxın dövlət orqanında vakant dövlət qulluğu vəzifələrinə müsabiqə elan olunacaq.
Trend in məlumatına görə, bu barədə cümə günü Prezident yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın sədri Bəhram Xəlilov məlumat verib.
Xəlilov bildirib ki, fəaliyyət göstərdiyi bir il ərzində Komissiya 55 dövlət orqanlarındakı 772 vakant dövlət qulluğu vəzifəsinə üç müsabiqə keçirib.
Müsabiqələrdə iştirak etmiş 3655 nəfərdən 186-sı müsabiqədə uğur qazanıb. Onlardan 58 nəfəri müvafiq vəzifələrə təyin olunub, digərləri isə, təyin olunmaq üçün dövlət orqanlarına təqdim olunublar.
Müsabiqənin söhbət mərhələsi ilə bağlı namizədlər araıında narazılıqların olduğunu deyən Xəlilov bu problemin aradan qaldırılması üçün söhbətin şəffaf keçirilməsinə qərar verildiyini deyib. Onun sözlərinə görə, namizədin razılığı ilə, söhbət mərhələıində kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidəçi qismində iştirak edə bilər, söhbətin video çəkilişi aparıla bilər.
Komissiya sədri prezidentin sərəncamı ilə yaradılan Dövlət Qulluqçularının Reyestri bazasına 3154 dövlət qulluqçusu barədə məlumat toplandığını bildirib. O qeyd edib ki, hazırlanmış lazımi proqram təminatı 32 dövlət orqanında quraşdırılıb.
Gələn ilin sonunadək dövlət qulluqçularının vahid reyestrinin hazırlanması yekunlaşacaq.
Dövlət qulluğu sahəsindəki qanunvericiliyə təkliflər paketinin, "Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları"nın hazırlandığını deyən Komissiya sədri hər iki sənədin Prezidentin İcra Aparatına təqdim olunduğunu bildirib.