...

Müdriklər ölkəsi

Cəmiyyət Materials 29 Dekabr 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /müx. TrendLife Cəmilə Ocaqova/

Dahilərdən biri demişdir: "Həyat illər boyu artan yorğunluqdur". Biz də bu bir ildə yorulduq. Başa vurduğumuz 2007-ci ili deyirəm. Nəticələrə nəzər salarkən ortaya suallar çıxır: hansı hadisələr həyatımızda önəmli rol oynadı və ya əksinə? Görəsən bizim həyatımızda nələr çatmadı?

Məsələn, səviyyəli məqalələr, tamaşalar, filmlər və mahnıların azaldığını qeyd etmək olar. Çox az sayda xəstələr şəfa tapdı. Qışda çox evlərdə istilik, işıq olmadı, yayda isə lap az evlər daimi su ilə təmin olundu. Çox nadir hallarda qonaq getdik, az insanlara qayğı göstərdik, bir-birimizə demək olar ki, inanmamışıq.

Amma heç də fikirləşməyin ki, hər şey bir o qədər də pisdir. Əksinə, bəzi proseslər çox sürətlə inkişaf edir. Məsələn, körpülər salınır, yollar abadlaşdırılır, lakin yenə bütün bunlara baxmayaraq, avtomobillərin yaratdığı tıxaclar artır. Avtomobillərin sayı çox olduğuna görə yol-hərəkət qaydaları çoxalıb, cərimələrin miqdarı yüksəlib. Görəsən yol polisləri bizləri kimdən və nədən qoruyur? Bu suala cavab axtarmaq lazım deyil. Çünki cavab yoxdur. 2007-ci ildə bir çox binalar tikilib, əvəzində xeyli məzar dağıdılıb. Yüzlərlə insanın gözləri yaşlı qalıb. Xəstəxanalarda xəstələrin sayı artıb desək yanılmarıq. Hazırda xlamidioz xəstəliyinin səbəbini həkimlər su ilə, sonsuzluğun səbəbini isə ekologiya ilə əlaqələndirirlər. 2007-ci ildə cinayətlərin sayı da çoxalıb. Kimi arvadını balta ilə öldürüb, kimi isə qaynanasını döyüb. Ekstrasenslər isə cadu çıxarmaqla yadda qalıb.

Yeri gəlmişəkən, yeni ildə pensiyalar və məvaciblər artacaq. Amma bahalaşan qiymətlərin yanında artım nədi ki, onu onsuz da bütün pulu dükan-bazarda qoyub çıxacağıq.

Sən demə, ölkəmizdə müdriklərin də sayı çoxalıb. İnanmırsınız? Elə-belə deməyiblər ki, "ağıllı insanlar çalışır dünyanı dəyişsinlər, müdriklər isə özləri dəyişilir".

Beləcə, 2007-ci ildə yaddaşlara hopan bəzi olayları xatırladıq. Bizi gələn il, daha sonrakı il nə gözləyir, hələ məlum deyil. Amma iqtisadçıların, alimlərin verdiyi proqnozlara görə, bizi qəzalar, ölümcül xəstəliklər və s gözləyir. Allah axırından saxlasın...

Xəbər lenti

Xəbər lenti