Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda son altı ildə 60,7 min hektar sahədə meşə -bərpa tədbirləri həyata keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Bərpası və İnkişafı Departamentindən cümə günü Trend ə bildiriblər ki, meşələrdə qanunsuz qırıntı halları 34 faiz azalaraq, ötən il 32 min kubmetr olub.
Məlumata görə, Azərbaycana idxal edilən ağac və ağac məhsullarının miqdarı son 4 ilə nisbətən, 2007-ci ildə 2,8 dəfə (2002-ci ildə 31,1 milyon ABŞ dolları məbləğində olduğu halda, 2007-ci ildə bu rəqəm 87 milyon ABŞ dolları olub) artıb.
Ötən il meşə qanunvericiliyinin pozulması ilə əlaqədar 501 fakt üzrə sənədlər hüquq-mühafizə orqanlarına göndərilib, qanunsuz qırıntıya yol verdiklərinə görə, meşə mühafizəsi xidmətinin 139 nəfər əməkdaşı tutduğu vəzifədən azad edilib və 395 nəfər barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb. Bundan başqa, nazirlik tərəfindən 4 meşə mühafizəsi və bərpası müəssisəsində aparılan araşdırmalar zamanı müəssisələrin fəaliyyətində ciddi nöqsanlar aşkar edildiyindən, araşdırma sənədləri, qanunamüvafiq tədbirlərin görülməsi üçün, Respublika Baş Prokurorluğuna göndərilib.