Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir C.Babayeva / Azərbaycanın ümumtəhsil məktəbləri yeni məktəblərin tikilməsi hesabına iki növbəli təhsil sistemindən imtina edəcək. Bu barədə çərşənbə günü Bakıda təhsil naziri Misir Mərdanov məlumat verib.
"Biz, respublikanın bütün məktəbləri üzrə bir növbəli və beş günlük təhsil həftəsinə keçmək istəyirik" - deyə Mərdanov bildirib.
Nazir hesab edir ki, bu il dövlət tərəfindən təhsil sahəsinə 2,8 mlrd. manat həcmində ayrılan vəsait (ötən il bu rəqəm 1,5 mlrd. təşkil edib) və yeni tikilən məktəblər hesabına iki növbəli təhsil sisteminə ehtiyac qalmayacaq.
"Bunun üçün 600 yeni məktəb, 700 məktəb üçün korpuslar, 1500 məktəbin isə təmir etdirilməsi lazımdır" - deyə nazir əlavə edib.