Azərbaycan, Bakı, 29 yanvar /müx. TrendLife Şahin Cavadsoy
Mister Tolik bir aydan artıq bərabər işlədiyi müğənni Nüşabə Ələsgərlinin imicini yenə dəyişməsinə səbəb olacaq. Bu haqda TrendLife-ı prodüser özü məlumatlandırdı: "Mən Nüşabə xanımın yaradıcılığı barəsində heç bir irad tuta bilmərəm. Çünki o, 20 ildən artıq bir müddətdir ki, səhnədir. Amma etiraf edirəm ki, Nüşabə Ələsgərlinin son günlərdə efirlərdə fərqli imicdə görünməsi mənim adımla bağlıdır. Bilənlər bilir ki, Nüşabə xanımın şəxsi gözəllik salonu var. Amma özüm məsləhət bildiyim imicmeyker vasitəsilə onun xarici görünüşündə bəzi dəyişikliklər edilməsinə müvəffəq olmuşam. Deyim ki, Nüşabə Ələsgərli mənim istəyimlə yenə dəyişəcək".
Xanım Ələsgərlinin hazırda Moskvada olduğunu söyləyən Tolik, özünün yeni layihəsindən də qısaca məlumat verdi: "Layiqli prodüseri olduğumu Röya Ayxanla işlədiym müddətdə təsdiq etmişəm. İndi isə bir xanım müğənnisinin möhtəşəm layihəsi üzərində işləyirəm. Əminəm ki, peşəkar təşkilatçı olduğumu fevral ayının axırınadək sübuta yetirəcəyəm. Bu sənətçinin kimliyini isə hələlik sirr saxlayıram".