...

Müğənni Xuraman Şuşalı türk və meyxanaçı ilə duet oxuyacaq

Cəmiyyət Materials 1 Fevral 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /müx. TrendLife Türkan İmaməliyeva/

Fevralın 2-də Xuraman Şuşalının doğum günüdür. Bu dəfə müğənni təmtəraqlı ad günü keçirməyəcək; fevralın 25-də Quba Olimpiya Kompleksində Xuraman Şuşalının konserti təşkil olunacaq. Sənətçi həmin gün səhnədə tək olmayacaq. Sənət dostlarından bəziləri də solo-konsert proqramında çıxış edəcəklər. Bu, müğənninin özünə hədiyyəsi olacaq. Maraqlandıq görək Şuşalının Ege ilə dueti nə vaxt hazır olacaq? Axı bir müddət öncə Ege Bakıya gəldi və hamı onların birgə duet oxuyacağından danışdı. Sənətçinin prodüseri Sayqa TrendLife-a açıqlamasında bildirdi ki, Ege ötən səfərində Bakıya gələndə təyyarədə bir balaca soyuqlayıb, səsi yerində olmayıb. Bu səbəbdən də mahnı lentə alınmayıb. Bu yaxınlarda ya Xuraman Türkiyəyə gedəcək, ya da Ege Bakıya qayıdacaq. Yeri gəlmişkən onu da xatırladaq ki, Xuramanın Ege ilə dueti paralel olaraq solo şəklində də hazırlanacaq. Onlar hər zaman bir yerdə ola bilmədiklərindən, bu mahnını ayrı-ayrılıqda da ifa edə bilsinlər. Alboma isə bu parça duet şəklində daxil olacaq. Müğənninin ikinci dueti isə, meyxanaçı Vahid Qədimlə hazırlanır. Ancaq bu duet digər meyxanaçıların duetinə bənzəməyəcək. Çünki burada Vahid Qədim meyxana üslubunda deyil, bəhri-təbil üslubunda lentə alınıb. Mahnı "Sevgi məktubu" adlanır. Hələ ki müğənni bu duetə klip çəkdirmək fikrində deyil. Çünki cütlük digər bir dueti də ifa edəcək. Bu dəfə müraciət olunan mahnı vətənpərvərlik mövzusunda olacaq. Şuşalı qərara gəlib ki, məhz bu duetə klip çəkilsin. Vətənpərvərlik mövzusunda mahnılara da bu gün ehtiyac olduğunu deyən müğənni bildirdi ki, sənətçi təkcə kommersiya marağı güdməməlidir. Çox güman ki, adıçəkilən duet mart ayında təqdim olunacaq.

Artıq 4 ilə yaxındır solo-karyerasına başlayan Xuraman fevralın 5-də saytının və albomunun təqdimatını keçirməyi planlaşdırır. Albomda yeni mahnılar üstünlük təşkil etsə də, müğənni qərara gəlib ki, diskin adını "Ola bilməz" adlandırsın.

Xuraman Şuşalının bölgələrdəki uşaq evlərinə səfəri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti