...

Elariz ciddiləşir?

Cəmiyyət Materials 6 Fevral 2008 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /müx. TrendLife Günel Əhmədova/

Müğənni Elariz repertuarında ciddi mahnılara yer ayırmaq qərarına gəlib. Hazırda o, bəstəkarlar Eldar Mansurov və Nadir Əzimovla işləyir. TrendLife-a açıqlamasında müğənnibunları söylədi:

"İndiyə qədər repertuarımda daha çox əyləncə xarakterli mahnılara üstünlük vermişəm. Bu da ondan irəli gəlirdi ki, gənclərini zövqünü oxşamaq istəyirdim. İstəyimə nail olmuşam. Gənclər arasında xüsusi rəğbətlə qarşılanıram. Həftənin çoxunu şou - proqramlarda çıxışlar edirəm. Bir çox müğənnilərimiz başqa ölkələrin müğənnilərinin mahnılarını oxuduqları halda, mən çalışmışam ki, həmişə öz repertuarımı oxuyum. Repertuarımda əyləncəli mahnılara yer verməyim həm də bundan irəli gəlib. Bundan belə isə, qərara gəlmişəm ki, o cür mahnılarla yanaşı, repertuarımı bir az da zənginləşdirib, daha ciddi mahnılara yer verim. Bu səbəbdən, ilkin olaraq məhz Eldar Mansurov, Nadir Əzimova üz tutdum. E.Mansurova məxsus olan "Gəl, sevimli yar" mahnı artıq lentə yazılıb. Hətta klip də çəkdirmişəm. Hazırda montaj işləri aparılır".

Bu vaxta qədər diskoteka xarakterli mahnılar oxuduğunu nəzərə alıb, müğənninin ciddi mahnılara necə yanaşmasını dəqiqləşdirmək üçün, adıçəkilən hər iki bəstəkarla Elariz haqqında söhbət etdik.

Mansurovla söhbətimizdə bildirdi ki, Elarizin bir müğənni kimi potensialına inanır: "Elariz öz üzərində işləyən müğənnidir. Əvvəlki illərə nisbətən gərgin çalışması və sənətinə ürəklə yanaşması sayəsində, onda dolğun irəliləyişlər hiss edirəm. Bu, bizim ilk işbirliyimiz deyil. Bundan əvvəl o, mənim bir mahnımı da oxuyub. Amma bu dəfəki işbirliyimiz daha ciddidir. Artıq yeni mahnımın studiya yazılışlarını bitirib. Çox bəyəndim, mahnının öhdəsindən layiqincə gəlib. Planlaşdırmışıq ki, bundan sonra da bir neçə mahnımı repertuarına daxil etsin. Əminəm ki, pərəstişkarları Elarizi ciddi mahnılar ampluasında da bəyənib, sevməkdə davam edəcəklər".

Əzimov da Elarizdən müğənni kimi çox razı qaldığını bildirdi: "Elariz təkcə bir insan kimi deyil, həm də müğənni kimi sevilir. O, öz sənətinə çox ciddi yanaşır. Hazırda sözləri Bəxtiyar Qaracaya məxsus olan mahnının üzərində işləyirik. Mahnı oranjemandadır. Məqsədim odur ki, bu mahnı ilə dinləyicilər Elarizin səsində bu vaxta kimi eşitmədikləri yüksək notları kəşf etsinlər. Ümumiyyətlə, fikrim var ki, Elarizlə mahnılarımdan ibarət albom üzərində işləyim".

Xəbər lenti

Xəbər lenti