...

Ədliyyə Akademiyasının Nizamnaməsi hazırlanıb

Cəmiyyət Materials 13 Fevral 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13fevral / Trend , müxbir K. Zərbalıyeva/ Ədliyyə Akademiyasının yaradılması istiqamətində işlər yekunlaşmaq ərəfəsindədir.

Ədliyyə nazirliyinin İnsan Hüquqları və İctimai Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov çərşənbə günü Trend ə bildirib ki, Ədliyyə Akademiyasının Nizamnaməsinin layihəsi hazırlanıb.

Prezidentin 17 avqust 2006-cı il tarixli "Ədliyyə orqanlarının inkişafı haqqında" fərmanı ilə Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzi əsasında Ədliyyə Akademiyasının yaradılması qərara alınıb.

Akademiyanın ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, habelə, ədliyyə orqanları işçilərinin, müvafiq hakimlərin və digər hüquqşünasların peşə hazırlığının artırılması istiqamətində fəaliyyət məqsədilə yaradılması nəzərdə tutulmuşdu.

İdarə rəisi bildirib ki, hakimlərin və dövlət ittihamçılarının tədrisini Məhkəmə-Hüquq Şurası yanında yeni yaradılmış və fəaliyyətə başlamış Hakimlərin və dövlət ittihamçılarının tədris sektoru həyata keçirəcək.

Ədliyyə Akademiyası isə, ədliyyə orqanları əməkdaşlarının, ali təhsilli hüquqşünasların və vəkillərin peşə hazırlığının artırılması istiqamətində fəaliyyət göstərəcək.

Qurbanov bildirib ki, Ədliyyə Akademiyasının Nizamnaməsinin layihəsi hazırlanarkən beynəlxalq, o cümlədən, Avropa Şurasına üzv dövlətlərin bu sahədəki təcrübəsi öyrənilib.

Nazirlik rəsmisinin sözlərinə görə, layihənin hazırlanması ilə paralel olaraq müvafiq təşkilati işlər də aparılır.

Nizamnamə layihəsi təsdiq olunmaq üçün prezidentə təqdim olunacaq.

İdarə rəisi Akademiya üçün yeni bina ayrılacağını da istisna etməyib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin yerləşdiyi bina Akademiyanın fəaliyyəti üçün uyğun deyil və Akademiya yaradılarkən onun maddi-texniki bazasına, kadrların seçiminə xüsusi diqqət yetiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti