...

Hesabat: 2007-ci il Azərbaycanda söz, fikir və informasiya azadlığı üçün daha böhranlı il olub

Cəmiyyət Materials 27 Fevral 2008 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.İlhamqızı/ 2007-ci il Azərbaycanda söz və fikir, həmçinin, informasiya azadlığı üçün daha böhranlı il hesab olunur. Trend in məlumatına görə, bu fikirlər "İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondunun 2007-ci ildə Azərbaycanda insan hüquqlarının vəziyyətinin monitorinqinə dair hesabatında bildirilir.

8 bölmədən ibarət hesabatda Azərbaycanda baş vermiş hadisə və faktlar öz əksini tapıb, insan hüquqlarının pozulması hallarının daha çox real olduğu sahələr - qadın, hərbi qulluqçu, qaçqın və məcburi köçkün, məhbus hüquqları kimi sahələr, həmçinin, beynəlxalq aləmdə daha çox önəm verilən məhkəmə sistemi, insan alveri, informasiya almaq və söz azadlığı kimi aktual sahələr tədqiq olunub.

Hesabatın 1-ci - məhbus hüquqlarına həsr olunan bölməsində Azərbaycandakı cəzaçəkmə müəssisələrindəki məhbusların həyat şəraiti, onların sağlamlıq durumu, məhbusların hüquqlarının qorunması vəziyyəti əksini tapıb, ümumilikdə penitensiar sistemdə qaydaların Avropa standartldarına uyğun olmadığı göstərilir.

İkinci bölmədə məhkəmə sistemindəki problemlər əksini tapıb, bu sistemdə aparılan islahatların yetərli olmadığı bildirilir. Üçünçü bölmədə hərbi qulluqçulqrın hüquqlarının müdafiəsi vəziyyəti tədqiq edilib. Hesabat müəllifləri hesab edir ki, hərbi sistem ötən il də qapalı qalıb.

Qadın hüquqlarına dair bölmədə bildirilir ki, qadınlara qarşı ən müxtəlif formalarda baş verən zorakılıq, o cümlədən fiziki, psixoloji və mənəvi zorakılıq bərabərliyə, tərəqqi və sülhə nail olmaq yolunda bir maneədir. Hesabatda bildirilir ki, zorakılıq halları qadınların hüquq və azadlıqlarını pozur.

Beşinci və altıncı bölmə söz və fikir, informasiya azadlığına həsr edilib. Hesabat müəllifləri hesab edirlər ki, jurnalistlərin təzyiqlərlə üzləşməsi, mətbuatın böhranlı vəziyyəti daha çox jurnalist peşəkarlığının azlığı ilə əlaqədardır.

İllik hesabatda 1 milyona qədər qaçqın-köçkünün hüquqlarının qorunması da diqqət mərkəzində saxlanılıb. Hesbatda bildirilir ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin yaxşılaşdırılmasına nisbətən nail olunub.

Hesabatın sonunda göstərilir ki, insan alverinə qarşı müburizə Azərbaycanda da çox geniş vüsət alıb. Hazırda bu problem narkomaniyadan sonra ikinci ümumbəşəri bəla hesab edilir. Hesabata görə, Azərbaycanda 2007-ci ildə insan alveri problemi artıb, buna qarşı aparılan mübarizə isə, istənilən nəticəni verməyib.

Xəbər lenti

Xəbər lenti