...

Naxçıvanda yaşayan xanımlar 8 Mart hədiyyəsi olaraq çiçəyə üstünlük verirlər

Cəmiyyət Materials 7 Mart 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 07 mart / Trend , müxbr E.Məmmədov/Naxcivanda yaşayan qadınların böyük əksəriyyəti 8 Mart bayramında sevdiklərindən çiçək hədiyyəsi gözləyir.

Trend in bölgə müxbirinin Naxçıvanda müxtəlif yaşda olan və ayrı-ayrı təşkilatlarda çalışan 100-ə yaxın qadın arasında apardığı sorğu zamanı 18-30 yaş arasında olan qadınların əksəriyyətinin bu hədiyyəni gözlədikləri məlum olub.

Müxtəlif idarə və təşkilatlarda rəhbər vəzifələrdə çalışan 15 xanımdan 12-si süvenir hədiyyə gözlədiklərini, digərləri isə ətir və təbii gülə üstünlük verdiklərini bildiriblər.

Ali məktəbdə təhsil alan qızlar isə çiçəklə bərabər kitab, ətir, romantik SMS və başbaşa yeyiləcək axşam yeməyini ən gözəl 8 Mart hədiyyəsi kimi qəbul edirlər.

Tibb işçiləri və müəllimlərin kişilərdən gözlədikləri hədiyyələr də təbii gül, ətir olsa da, bu sahədə işləyən subay qızların seçimi daha çox qeyri-adi evlənmə təklifidir.

Naxçıvanlı orta məktəb qızları bu günün tətil olmasını özləri üçün ən gözəl hədiyyə adlandırıblar. Amma aralarında qırmızı güllər istəyənlər də var.

İdarələrdə xadimə işləyən və küçə təmizləyən naxçıvanlı qadınlar bir günlük işə çıxmamağın ən gözəl hədiyyə olduğunu deyiblər.

Yaşlı qadınların hədiyyə seçimi isə daha maraqlıdır. Onlar səmimi və sevgidən doğan bir neçə sözdən ibarət təbriki ən gözəl 8 Mart hədiyyəsi hesab edirlər.

Xəbər lenti

Xəbər lenti