Azərbaycan, Bakı, 12 mart / Trend , K.Ramazanova / Avropa Şurası Azərbaycan hökumətini cəzaçəkmə müəssisələri və həbsxanaları modernləşdiriməyə çağırır. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Avropa Şurasının həbsxanalar üzrə eksperti Per Kolliander bildirib.
"Hökumət bu müəssisələrdə çalışan əməkdaşlarınn ixtisas artımına xüsusi diqqət yetirməlidir" - Kolliander deyib.
Onun sözlərinə görə, Azərbaycanda cəzaçəkmə müəssisələrinin vəziyyəti SSRİ dönəmindən bugünə kimi dəyişməz olaraq qalıb.
"Sistemin təkmilləşdirilməsi üçün çox işlər görülür, lakin nəticə əldə etmək üçün zaman lazımdır" - deyə o əlavə edib.
Kollianderin sözlərinə görə, həbsxanalar köhnə binalarda yerləşir və bir nəfərlik kameralarda bir neçə məhbus saxlanılır.
O qeyd edib ki, Avropa Şurası Azərbaycan həbsxanalarında monitorinqi davam etdirəcək.
Azərbaycanda 17 cəzəçəkmə müəssisəsi, bir həbsxana, üç istintaq təcridxanası, bir uşaqlar üçün cəzaçəkmə müəssisəsi və bir məhbuslar üçün müalicə müəssisəsi fəaliyyət göstərir.