...

Azərbaycanda ana olan qadınlara birdəfəlik 3-4 min manat məbləğində pul verilə bilər

Cəmiyyət Materials 18 Mart 2008 14:00 (UTC +04:00)
Azərbaycanda ana olan qadınlara birdəfəlik 3-4 min manat məbləğində pul verilə bilər

Azərbaycan, Bakı, 18 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin Sosial siyasət daimi komissiyası analıq məzuniyyətinə çıxan, eləcə də işləyib-işləməməsindən asılı olmayaraq ana olan qadınlara birdəfəlik 3-4 min manat məbləğində pul verilməsini nəzərdə tutan layihə hazırlayacaq. "Analıq məzuniyyətinə çıxan qadınlara 3-4 min manat məbləğində pulun verilməsi gənc ailələrin problemlərinin həll olunmasına böyük təsir göstərər" - deyə Azərbaycan Parlamentinin Sosial siyasət daimi komissiyasının çərşənbə axşamı keçirilən iclasında komissiyanın üzvü Elmira Axundova bildirib.

Azərbaycan qanunvericiliyinə görə, analıq məzuniyyəti 56 gündür. Analıq məzuniyyətinə çıxan qadınlara bu müddətdə yalnız aylıq əmək haqları verilir.

Axundova qeyd edib ki, yeni doğulan uşaqların ilk bir necə ayda saxlanılması ailələr üçün ciddi çətinliklər yaradır: "Dövlət gənc ailələrin problemlərinin həllinə gömək etməlidir. Analıq məzuniyyətinə çıxan qadınlara verilən pulla hansısa problemi həll etmək mümkün deyil".

Millət vəkili vurğulayıb ki, Rusiya artıq bu sistemi tətbiq edir. Bu ölkədə analıq məzuniyyətinə çıxan qadınlara ayda 1000 ABŞ dolları məbləğində pul verilir.

"Azərbaycanın iqtisadi imkanları hər il artır, ölkəyə böyük miqdarda vəsait daxil olur. Ona görə də Azərbaycanın imkanı var ki, analıq məzuniyyətinə çıxan və işləyib-işləməməsindən asılı olmayaraq ana olan qadınlara dövlət tərəfindən 3-4 min manat məbləğində pul verilsin. Qarşıdan prezident seçkiləri gəlir və bu məsələnin həyata keçirilməsi prezidentin reytinqini daha da yüksəldər. Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyev bu təşəbbüsü dəstəkləyəcək" - deyə Axundova əlavə edib.

Millət vəkilinin sözlərinə görə, bunu nəzərdə tutan layihəni aprelin 1-də Parlamentə təqdim edəcək.

Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, bu məsələ gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi çərçivəsində həyata keçirilə bilər. Rəcəbli əlavə edib ki, rəhbərlik etdiyi komissiya məsələyə baxacaq.

Xəbər lenti

Xəbər lenti